Şəhid atası işlə təmin olundu

 

Azərbaycanda şəhid ailələrinin, müharibə veteranları və qazilərin işlə təmin olunması daim diqqət mərkəzində saxlanılır. Dövlət idarə və təşkilatlarında, özəl şirkətlərdə mövcud olan boş iş yerlərinin siyahısı toplanılır və işə ehtiyacı olan qazilərə, şəhid ailələrinin üzvlərinə göndərilir, onların istəyi nəzərə alınaraq məşğulluqları təmin olunur. APA TV-nin yerli bürosunun xəbərinə görə iş axtaran vətəndaşlarımızdan biri də şəhid atası Eynulla Babayev olub və onun müraciətinə baxılaraq məşğulluğu təmin edilib. 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan Kamal Babayevin atası olan Eynulla Babayev İsmayıllı rayon İcra Hakimiyyətinin köməyi ilə Şamaxı Regional Meşə Mühafizəsi İdarəsinin İsmayıllı şöbəsində işlə təmin olunub. Beş övlad atası olan Eynulla Babayev deyir ki, şəhid oğlu Kamal vətənpərvər olması ilə yanaşı, həm də ailəcanlı idi. Kamal Babayev özü üçün tikdiyi evi belə sona çatdıra bilməyib. Ailənin digər övladı isə 10 ildir ki, müddətdən artıq hərbi qulluqçu kimi çalışır. Qeyd edək ki, 1991-ci il təvəllüdlü Kamal Babayev 2020-ci il sentyabrın 27-də Vətən Müharibəsi başlayarkən döyüşlərdə iştirak etmək üçün müraciət edib. Oktyabrın 5 də Qarabağa yollanan Kamal Babayev Müharibənin başa çatmasına beş gün qalmış, noyabrın 5-də Daşaltı döyüşləri zamanı şəhid olub. Onun nəşi 10 gün sonra, noyabrın 15-də doğulduğu Xanagah kəndinə gətirilərək dəfn olunub. O, ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın işğaldan azad olunması uğrunda" medalları ilə təltif olunub.

Müəllif | Apa.Tv
Apa.tv