Şəhid atası şəhidlər üçün abidə kompleksi inşa etdirir - REPORTAJ

Qəhrəmanlığı şərtləndirən başlıca səbəblərdən biri, bəlkə də birincisi vətənpərvərlik hissidir. 44 günlük Vətən Müharibəsində Azərbaycan igidləri məhz bu hissə güvənərək, ölümün üzərinə getdilər və canları, qanları bahasına torpaqlarımızı düşmən tapdağından azad etdilər.

 

Şəhidlik zirvəsinə yüksələn qəhrəman oğullarımızdan birinin bu gün doğum günüdür. Azad Azər oğlu Tapdıqov 1 fevral 1997-ci ildə Ağcabədinin Yuxarı Avşar kəndində anadan olub. Vətən Müharibəsinin ilk günündən ana yurdun çağırışına ilk hay verənlərdən biri olub.

 

Şəhidin atası Azər Tapdıqov deyir ki, müharibə başlayanda oğlu Bakıda imiş: “Zəng elədim dedim ki, hərbi komissarlıqdan çağırırlar, uşaq da həmin gecəsi gəldi. Gecə saat 3-də yola saldım getdi. Özü könüllü olaraq getdi. Dedi, mən otura bilmərəm, torpaqlarımız uğrunda gedirəm. Birinci 704-ə getdi, orda 3-4 gün qalıb göndərdilər Füzuli tərəfə. Füzuli-Cəbrayıl zonasında da vətən uğrunda şəhid oldu”.

 

Azad 3 uşaqlı ailədə böyüyüb. İki bacı, bir qardaş olublar. Bacısının biri ailə qurub və Rusiyada yaşayır, kiçik bacısı Ləmanın isə 16 yaşı var. O, söz verib ki, ali təhsil alıb, qardaşının canından keçdiyi torpaqlarda mütəxəssis kimi işləməyə gedəcək. Anası İlahə xanım isə yeganə oğlunun yataq otağını ev muzeyi edərək, onun bütün əşyalarını bir yerə toplayıb: “Əsgərliyini çəkib gəlmişdi, bu, ikinci çağırış idi. Özü istədi, dedi, gedirəm, şəhid olacam vətən uğrunda. Özünü irəli atan idi, çəkinməzdi heç bir şeydən”.

 

Şəhidin əmisi Raqif İsmayılov qardaşı oğlu ilə qürur duyur: “Çox ürəkli idi, cəsarətli, qorxmaz idi. Deyirdi, əmi, mən torpaqlarımızı almayana kimi geri qayıdan deyiləm. Allahın başına dolanım, onların qanı yerdə qalmadı. Onların ruhu şaddır, çünki Şuşa alındı, torpaqlarımız alındı”.

 

Azad Tapdıqov oktyabrın 9-da Füzuli istiqamətində gedən şiddətli döyüşlərdə şəhid olub və doğulduğu kənddə dəfn olunub. Atası Azər oğlunun və ümumiyyətlə, Qarabağ savaşında həyatından keçən bütün şəhidlərin xatirəsini əbədiləşdirmək üçün kəndin girişində abidə kompleksi inşa etmək istəyir. Bunun üçün isə artıq torpaq alıb, ilkin işlərə başlayıb:

 

Kənd sakini Elmidar Mehdiyev deyir ki, Su, bulaq çəkiləcək, şəhidlərin xatirəsinə ağac əkiləcək: “Nəzərdə tutulub ki, şəhidlərin xatirəsini əbədiləşdirək. Su, bulaq çəkiləcək, şəhidlərin xatirəsinə ağac əkiləcək. Gəlib-gedənlər sudan içib burda dincəlsinlər, şəhidlərin ruhuna rəhmət oxusunlar. Bütün xərci atası çəkir. Bu adam bunları planlaşdırır, biz mənəvi dəstək oluruq”.

 

Azad Tapdıqov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub. Allah rəhmət eləsin!

 

Habil Aslanoğlu,

Ziya İsmayılov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv