Şəhid Davud Hacıyev: “Ana, müharibədə şəhid olsam, mənimlə fəxr edərsən” - REPORTAJ
Torpaqlarımızın azadlığı uğrunda canını fəda edən Davud Novruz oğlu Hacıyev Vətən Müharibəsi başlayanda cəbhəyə könüllü yollanaraq, düşmənə göz açmağa imkan verməyən igidlərimizdən biridir.
APA TV-nin yerli bürosunun xəbərinə görə, şəhid Davud Hacıyev 14 iyul 1998-ci ildə Xaçmaz şəhərində anadan olub.
Ürəyi Vətən eşqi ilə döyünən Davud təhsilini bitirdikdən sonra 2016-cı ildə hərbi xidmətə yollanıb. Anası Validə xanım deyir ki, xidmətini başa vursa da, Vətən Müharibəsi başlayanda cəbhəyə yollanan ilk könüllülərdən olub: “Mənim oğlum Vətən uğrunda qəhrəmanlıqla döyüşüb. Vətənə xidmət etmək arzusu idi. Müharibəyə könüllü getdi. Füzuli uğrunda döyüşlərdə şəhid oldu. Bütün şəhid analarına deyirəm ki, başlarını dik tutsunlar. Düşmənimizi heç vaxt sevindirməyək. Oğlumu sentyabrın 27-də Xaçmazdan yola saldıq. Oktyabrın 8-də axırıncı dəfə telefonla danışdıq. Deyirdi, narahat olmayın, sağ-salamat qayıdacağam. Mənə söylədi ki, “ana, müharibədə şəhid olsam, mənimlə fəxr edərsən, “Vətən sağ olsun” deyərsən”. Səs yazılarını hələ də saxlayıram. Mənim oğlum şərəfli ölümü seçib. Onunla qürur duyuram”.
Qəhrəman döyüşçü oktyabrın 9-da Füzuli uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək ağır yaralanıb. Xalası Fəridə xanım deyir ki, Davud bir müddət komada qalıb və oktyabrın 17-də şəhidlik zirvəsinə ucalıb: “Davud haqqında keçmiş zamanda danışmaq çox çətindir. Davudun şəklini oğlum avtomobilinə həkk edib. Hər gün şəhidimizin şəkli ilə danışıram, heç yadımızdan çıxmır. Vətənpərvər övlad idi. Anası ilə nəfəs alırdı. Anası onu çox böyük çətinliklərlə böyüdüb. Axırıncı dəfə görüntülü danışdıq. Demişdim, gələrsən, sənin üçün aş bişirəcəyəm. Qismət olmadı. Bizim qürurumuzdur Davud”.
Xalası qızı Lamiyə isə Davudla bir yerdə böyüyüb: “Biz uşaqlıqdan bir yerdə böyümüşük. Mənə qardaşım qədər əzizdir. Yoxluğu bizi hər keçən gün daha çox incidir. Davudla fəxr edirəm”.
Şəhidin dayısı Sahib Əzizov Davudun qisasının alındığını, onun şəhid olduğu torpaqların indi azad nəfəs aldığını deyir: “Davud bacım oğlu olsa da, mənimlə həm də dost olub. Söhbətcil, gülərüz idi. Cəbhəyə könüllü yollanıb. Axırıncı dəfə oktyabrın 8-də danışmışıq. “Dayı, hər şey əladır, bundan da yaxşı olacaq” söylədi. Bir gün sonra şəhidlik zirvəsinə ucaldı. Amma qisası düşməndən alındı. Torpaqlarımız azad olundu”.
Davud Hacıyev ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Vəli Turan,
Mais Allahverdiyev,
APA TV