Şəhid əsgər yoldaşlarının qisasını almaq üçün müharibəyə yollandı - REPORTAJ
“Birinci demişdilər yaralıdır. Bəlkə də mən pis olmayım deyə elə demişdilər. Mən onu yaralı kimi gözləyirdim. Həmin gün saat 3-dən axşama qədər mən onu yaralı kimi bilmişəm. Sonra həyətə çıxanda gördüm bütün qonşular yığılıb, hər yer bayraqdır. Bildim ki, oğlum şəhid olub”.
Muxtar Əli oğlu Qasımov 1993-cü ilin fevral ayında Bakı şəhərində anadan olub. 2009-cu ildə Qaraçuxur qəsəbəsində yerləşən 318 saylı orta məktəbi bitirib. Kiçik yaşlarından idmana böyük maraq göstərib. Müxtəlif idman növləri ilə məşğul olan Muxtar idmançı olmaq arzusunu reallaşdırmaq üçün 2009-cu ildə Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub.
Atası Əli Qasımovun dediyinə görə, Akademiyanı bitirdikdən sonra Gədəbəy rayonunda yerləşən N saylı hərbi hissədə hərbi xidmətdə olub: “Gədəbəyin Şınıx kəndi var. Ora ermənilərlə üz-üzədir. Həmin postda xidmət edib. Sonra oradan göndərdilər, gəldi Bakıya Təlim Tədris Mərkəzinə. 3 ay kurs keçdikdən sonra motoatıcı kimi yenidən ora qaytardılar. Bu, həmin dağa getdi. 9 ay o dağdan aşağı düşmədi”.
Hərbi xidməti başa vurub evlərinə dönən Muxtar 3 gün sora xidmət etdiyi posta düşmənin xaincəsinə hücum etdiyini eşidib. 9 ay birlikdə xidmət etdiyi əsgər yoldaşlarının şəhid olma xəbəri ona olduqca pis təsir edib: “Tərxis olduqdan sonra onların postuna erməni kəşfiyyatı hücum elədi. Orda 3 nəfər şəhid olmuşdu. Muxtar evdə özünə yer tapa bilmirdi. Hətta bir ara istədim onu həkimə aparım. Deyirdi ki, ata, mən dayana bilmirəm. Muxtar onların manqa komandiri olmuşdu. Hər il Qaxa və Zaqatalaya gedib o şəhidlərin qəbrin ziyarət edirdi”.
Peşəkar idmanla məşğul olan Muxtar 2019-cu ildə fitnes üzrə respublika çempionu adını qazanır. İdman müəllimi işləməklə yanaşı, mükəmməl bədən ölçülərinə sahib olduğu üçün model kimi fəaliyyət göstərir, çəkilişlərdə olurdu. Sentyabr ayında Vətən Müharibəsi başlayan zaman isə könüllü olaraq ordu sıralarına yazılıb. Ailəsi ilə görüşmədən cəbhəyə yollanıb: “Səhər saat 8-in yarısı idi. Zəng elədi ki, gəlin, hərbi komissarlığa, maşını götürün, mən komissarlıqda olacam. Çox təəssüf olsun ki, heç görüşə də bilmədik”.
2020-ci il oktyabr ayının 2-də cəbhənin Fizuli istiqamətində gedən ağır döyüşlərdə döyüş yoldaşları ilə birlikdə düşmənin ağır hücumuna məruz qalıb. Ayağından və sinəsindən güllə yarası alan Muxtar sonuncu yaralını mühasirədən çıxarana qədər döyüşüb, özü isə qanaxmadan şəhid olub: “Axırıncı dəfə danışanda əlbəttə ki, bütün analar kimi mən də narahat idim. Deyirdim, ehtiyatlı ol, özünü qoru, hərbi maşınların yanında dayanma. Bir gün səhər tezdən oyandım. Özümü çox narahat hiss edirdim. Yazdım, gördüm cavab vermir. Sonra ard-arda yazdım, gördüm cavab yoxdur. Axşamı da bildik ki, şəhid olub”.
Dayısı Elbəy İskəndərovun dediyinə görə, Muxtarın şəhidlik zirvəsi onun müəllimlərini, qohumlarını da qürur hissinə bürüyüb. Lakin yoxluğu ilə barışmaq istəmirlər: “Adətən, qəbiristanlığa gedərkən insanda bir vahimə hissi olur. Qəbiristanlığın öz aurası var. Bəzən gecələr də Muxtarın qəbri üstünə gedirik. Elə bil orada qəribə bir yüngüllük hiss edir insan. Sanki onun qəbri də, ölümü də bir başqa cürdür”.
Müəlliməsi Aləmzər Mirzəyeva da Muxtarın itkisi ilə barışmaq istəmir: “Bir dəfə hazırlığa gələndə bizim binada partlayış olub. Bu zaman Muxtar da oradan keçirmiş. Göydən nə isə düşüb. Az qalsın Muxtarın başına düşəcəkmiş. Güclə qaçıb özünü qoruyub. Lakin bu cür şeyləri qətiyyən ürəyinə salmazdı. Xarakteri bilirsiniz necə uşaq idi? Qarşısına bir məqsəd qoyurdusa, mütləq onu etməli idi”.
Muxtarın ən böyük məqsədi isə şəhid olan dostlarının qisasını almaq idi. Bu amal uğrunda sonuna qədər getdi və şəhidlik zirvəsinə ucaldı. Nəşi Qala qəsəbəsindəki ailə məzarlığına, xatirələri və qəhrəmanlığı isə yaddaşlara əbədiyyən gömüldü. Allah rəhmət eləsin!
Xələf Xələfov
Musa Qulammirzəyev