13:04 16 Aprel 2021 139
Ana səhifə Xəbərlər

Şəhid gizir İxtiyar Əliyev doğma kəndində dəfn olundu

Vətən müharibəsinin şəhidi İxtiyar Əliyev anadan olduğu Goranboy rayonunda dəfn olunub.

APA TV-nin yerli bürosunun məlumatına görə, şəhidin nəşi doğma Goranlı kəndində yaşadığı evə gətirilib. Şəhidlə vida mərasimi keçirilib.

Daha sonra şəhid İxtiyar Əliyev İlqar oğlu Goranlı kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfin mərasimində Rayonun İcra hakimiyyətinin nümayəndələri, Millət vəkili Anar Məmmədov, Tərtər hərbi prokurorluğunun rəhbərliyi, hüquq mühafizə orqanları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları və kənd sakinləri iştirak edib. Şəhid dəfin edildikdən sonra havaya yaylım atəşi açılıb. Şəhidin tabutuna bükülmüş bayaq atası İlqar Əliyevə verilib.

Qeyd edək ki, Şəhidimiz Murov fatehi olub. O, 44 günlük vətən müharibəsində Suqovuşan və Murov yüksəkliyi uğrunda gedən döyüşlərdə iştirak edib. Qızğın döyüşlərdə yaralanıb. Buna baxmayaraq döyüşə davam edib. Şəhidin qardaşının da ayağı vətən  müharibəsində minaya düşdüyü zaman ayağı amputasiya edilib.

Gizir İxtiyar Əliyev Vətən müharibəsi zamanı, oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşüb. Onun axtarışları uzun müddət davam edib. Bir müddət əvvəl Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev Vətən müharibəsi zamanı itkin düşən 7 hərbçidən birinin nəşinin tapılması və həmin şəxsin kimliyinin müəyyən edilməsi üçün ekspertiza aparıldığını bildirmişdi. Daha sonra nəşi tapılan hərbçinin gizir İxtiyar Əliyev olması barədə məlumatlar yayılsa da, ailəsi bunu təsdiq etməyərək ikinci dəfə DNT analizləri verildiyini açıqlamışdı. Əlavə DNT analizləri nəticəsində nəşi tapılan hərbçinin gizir İxtiyar Əliyev olduğu təsdiqlənib.

Allah rəhmət eləsin!

 

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV, Goranboy

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın