Şəhid hərbçimiz Mingəçevirdə dəfn olundu
Ermənistanın dövlət sərhədində törətdiyi təxribatla bağlı gedən döyüşlərdə şəhid olan hərbçi Elmin Əlizadə ilə Mingəçevirdə vida mərasimi keçirilib.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Ağdamın Papravənd kənd sakini əsgər Əlizadə Elmin Samir oğlunun cənazəsi Mingəçevir şəhərinə, yaşadığı evə gətirilib. Vida mərasimində şəhidin yaxınları, Ağdam və Mingəçevir icra hakimiyyətinin başçıları, dövlət rəsmiləri, şəhər ictimaiyyətinin nümayəndələri, hərbçilər və hüquq mühafizə orqanlarının əməkdaşları iştirak edib. Mingəçevir şəhər sakinləri Şəhidlər Xiyabanına gətirilən şəhidi alqışlarla qarşılayıb.
Ermənistanın dövlət sərhədində törətdiyi təxribatla bağlı gedən döyüşlərdə şəhid olan hərbçi Elmin Əlizadə Mingəçevir Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində yaylım atəşi açılıb. Şəhidin tabutu üzərinə çəkilən dövlət bayrağı atası Samir Əlizadəyə təqdim olunub: “Birinci sözüm odur ki, vətənimiz sağ olsun. Mən fəxr edirəm ki, mənim oğlum şəhid olub. Gedib hansısa axmaqlıqla məşğul olmayıb, necə deyərlər fərariliklə məşğul olmayıb. Fəxr edirəm ki, elim, obam Mingəçevirim Ağdamım hamısı yanımdadır. Başda Ali Baş Komandanımız olmaqla bütün Azərbaycan xalqının başı sağ olsun”.
Qeyd edək ki, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub. Döyüşlərdə 10 nəfər hərbi qulluqçumuz yaralanıb.
Habil Aslanoğlu,
Ziya İsmayıloğlu,
APA TV. Mingəşevir