Şəhid hərbçimiz Tovuzda torpağa tapşırıldı - ÜÇ ÖVLAD ATASI İDİ

Ordumuzun şəhid olan hərbçisi torpağa tapşırılıb.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, bu gün səhər saatlarında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində, Ordumuzun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, kiçik çavuş 1982-ci il təvəllüdlü Məmmədov Elşən Əli oğlu şəhid olub.

 

Hərbçimizin nəşi ilk öncə onun yaşadığı evə, rayonun Qazıqulu kəndinə gətirilib. Burada şəhidlə vida mərasimi keçirilib.

 

Dəfn mərasimində Tovuz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhidin ailə üzvləri, hərbçilər, rayon ictimaiyyəti iştirak edib.

 

Daha sonra şəhidin nəşi rayon qəbiristanlığına aparılaraq orada dəfn edilib.

 

Mərasimdə iştirak edən şəhidin yaxınları onun vətənpərvər olduğunu bildiriblər.

 

Qeyd edək ki, şəhidimiz ailəlidir və onun 3 oğul övladı var.

 

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv