Şəhid İlkin Quliyevin ad günü onun məzarı başında qeyd edilib

Yaşasaydı bu gün 19 yaşını qeyd edəcəkdi. Amma olmadı. O, canını Vətən uğrunda fəda etməyi seçdi.

 

APA TV xəbər verir ki, şəhid İlkin Rəfail oğlu Quliyev 15 aprel 2002-ci ildə Moskva şəhərində anadan olub. 2007-ci ildə ailəsi ilə birlikdə Bakıya köçüb. Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki 310 saylı tam orta məktəbdə və Qərb Universitetinin Kollecində təhsil alıb. 2020-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılıb. Sentyabrın 27-də başlayan Vətən Müharibəsində  iştirak edən İlkin Quliyev oktyabrın 10-da Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. 

 

Ailəsi, müəllimləri və dostları bu gün İlkinin doğum gününü qeyd etmək üçün Sabunçu şəhidlər xiyabanında, məzarı başına toplaşıblar.

 

Anası Reyhanə xanım İlkinin 18 yaşına kimi bütün ad günlərini qeyd etdiklərini deyirlər: “18 yaşına kimi İlkinin bütün ad günlərin qeyd eləmişik. Sinif yoldaşları, dostları ilə. 18 yaşı olanda pandemiyaya görə qonaq dəvət edə bilmədik. Öz ailə üzvlərimizlə qeyd elədik. Arzulamışdım ki, inşallah 19 yaşın yaxşı qeyd edim. Qismət belə oldu. Allah elə etdi ki, balam cənnət mələyi oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mənim üçün nə qədər ağır olsa da, bir o qədər də qürur hiss duyuram”.

 

Atası Rafael Quliyev oğlunun ad günlərini sevdiyini deyir: “Ad günlərin sevərdi. Hər zaman ad gününə bir qədər qalmış özü deyərdi. İlkin fərqli bir uşaq idi. Mən o cür uşaqlara təsadüf rast gəlirəm. Hər bir şeyin yerin, qaydasın bilən, vətəninə bağlı uşaq idi. Azyaşlı olsa da, İlkinin o qədər dostu tanışı var idi ki. Şəhid olduğu gün hamısı gəlmişdi ki, biz İlkinin dostlarıyıq. Dedim bu nə zaman böyüdü ki, bu qədər dostu-tanışı var”.

 

Sinif yoldaşları və İlkinə dərs deyən müəllimləri də onun yoxluğunu qəbul edə bilmirlər.

 

Təhsil aldığı məktəbin direktoru Rəsmiyyə Quliyeva İlkinlə bağlı xatirələrini belə xatırlayır: “Bilirsiniz ki, məktəb rəhbərinin ən yaralı yeri dərsə davamlılıq məsələsidir.  İnanın allaha ki, axırıncı dərs olurdu, gəlib sinfə baxırdım ki, İlkin oradadır.  Hətta bir dəfə xatırlayıram ki, sinfə baş çəkdim, gördüm İlkin oturub. Dedim İlkin sən burda nə edirsən?  Həmin vaxt dərsləri bitmişdi və fakültativ saatı idi.  Baş ucaldan bir övlad idi. Vətənin bütövlüyü uğrunda öz canından keçdi”.

 

İlkin Quliyev ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Qeyd edək ki bu gün həmçinin 44 günlük vətən müharibəsində şəhid olan Rail Ramazanov, Sadiq Bağırzadə, Dimitriy Solnçev və Toğrul Feyzizadənin də doğum günləridir.

 

Xələf Xələfov,

Üzeyir Ağayev,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv