Şəhid İzzət Hümmətovun şəhadət yolu
44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olan Hümmətov İzzət Müşfiq oğlu 1996-cı il sentyabrın 9-da Şabranın Uzunboyad kəndində anadan olub.
APA TV-nin məlumatına görə, 2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən Müharibəsində döyüş əməliyyatlarına qatılıb. Ailə üzvləri deyir ki, uşaqlıqdan hərbiyə olan marağı üzündən o, əsgərlikdən sonra da orduda xidmətini davam etdirib: “İzzətin qəhrəmanlığı uşaqlıqdan bilinirdi. Uşaq ikən formanı geyinirdi əyninə. MAXE işləyirdi. Müharibə başlayanda getdi müharibəyə. Oktyabrın 7-də hamımız danışmışıq onunla, sonra əlaqə kəsildi və şəhid oldu. O, heç kimdən qorxmayıb. Düşmənin üstünə dik gedirdi”.
Şəhidin anası Səbinə Hümmətov həm qürurlu, həm də kədərli olduğunu deyir: “Qürurlanırıq ki, nəinki mənim oğlum, bütün şəhidlər diqqətdədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, valideynlərə də səbr versin”.
İzzət Hümmətov oktyabr ayının 12-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olub. Şabran rayonunun Uzunboyad kəndində dəfn olunub: “Biz dövlətimizdən çox razıyıq. Hər zaman axtarıb arayırlar. Sizə də öz təşəkkürümüzü bildiririk. Allah qazilərimizə şəfa versin. Şəhidlərimizə Alla rəhmət eləsin, şəhid ailələrinə səbr arzulayıram. Bir üzümüz gülür, bir üzümüz ağlayır. Amma fəxr edirik ki, qardaşlarımız İzzətlər, Ağoppalar, Samirlər bizlərə görə şəhid olub. Onların haqqı heç vaxt ödənməz”.
İzzət Hümmətov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.