Şəhid leytenant: “General şəhid olursa, əsgəri niyə olmasın?” - REPORTAJ
Vətən Müharibəsi başlayandan cəbhəyə könüllü yollanan igidlərimizdən idi 29 yaşlı şəhid leytenant Siyavuş Muradov. Ən böyük arzusu torpaqlarımızı düşməndən azad edib, bayrağımızın həmin torpaqlarda dalğalandığını görmək idi.
Oğlunun şəhadəti anası Ayna Muradovanı nə qədər qürurlandırsa da, gözlərindəki kədəri gizlədə bilmir: “Torpaqlarımız işğal altındadır deyə həmişə narahat idi. Arzusunda idi o torpaqlarda döyüşməyin, o torpaqlara bayraq sancmağın. Qəhrəman, mərd bir oğlan idi. Torpağın uğrunda da getdi”.
Şəhid Siyavuş Muradov general Polad Həşimovun tabutunu çiynində atası evinə gətirmişdi. Generalın şəhadəti Siyavuşun vətənə olan sevgisini, döyüş əzmini daha da qüvvətləndirmişdi sanki. Atası Akif Muradov deyir ki, “Polad kimi oğullar vətən yolunda canını verirsə, biz niyə qalmalıyıq” deyirdi: “Siyavuş idmançı idi. 3 il Daxili Qoşunlarda işlədi. Sonra orduda xidmət etməyə başladı. Elə deyirdi ki, torpaqlarımız alınmalıdır. Polad Həşimovun tabutunu atası evinə gətirmişdi, “biz də getməliyik” deyirdi”.
1992-1993-cü illərdə birinci Qarabağ savaşında iştirak edən şəhidin atası Akif Muradov “oğlumun şəhid olacağını hiss edirdim” deyir: “Elə oldu ki, bir gün zəng etdi, dedi ki, sən döyüşdüyün yerdəyəm, Füzulidə. Bir neçə gün sonra da zəng etdi ki, Füzuliyə bayraq taxdıq. Kəndə gəlmişdi, bildim ki, hücumdan gəlib. Dedi, Zəngilandan gəlirik, bir stəkan çay içdi, yenidən yola düşdü. Amma görüşmədi bizimlə, dedi ki, halallıq verin, gedirəm mən. Ayın 25-i gecə zəng gəldi ki, Siyavuş şəhid oldu. Mən getdiyi gündən bilirdim ki, onun hər dəqiqəsi ölümdür. Hiss edirdim şəhid olacaq, amma heç kimə demirdim”.
Düşməndən torpaqları azad etmək idi Siyavuşun ən böyük arzusu. Şəhadəti ilə bayrağımızı ucaldan, 30 illik yurd həsrətimizə son qoyan Siyavuş ardında gözüyaşlı, bir o qədər də qürurlu olan ailəsini qoyub getdi:
- Söhbət edəndə həmişə torpaqlarımızın işğaldan azad ediləcəyindən danışırdı. Həmişə ona zarafatla deyirdim ki, birinci evlənmək lazımdır, sənin 29 yaşın var. Həmişə ondan soruşurdum ki, niyə bu qədər torpaq haqqında fikirləşirsən. O da deyirdi ki, bir ölkənin generalı şəhid olursa, əsgəri niyə olmasın. Siyavuş bizim evin toyu-bayramı idi, hər şeyimiz idi o bizim.
- Cəbhəyə gedəndə mənə zəng etdi ki, bacı, gedirəm, gəl, görüm səni. Gəldim mən də. Dedi ki, mən könüllü yazılmışam, gedirəm döyüşə. İstədim ki, ata-anama deyəm, qoymadı. Soruşdum, hansı istiqamətə gedirsiniz, dedi ki, Füzuli istiqamətinə. Qucaqlamaq istədim, qoymadı, dedi ki, qayıdacağam.
İndi Siyavuş Muradovun ruhu rahatdır. Çünki ən böyük arzusu həyata keçib – işğaldan azad edilən torpaqlarımızda şanlı bayrağımız dalğalanır.
Şanlı qələbəmizi, yurd-yuva həsrətimizin sona çatmasını Vətən çağırdığı zaman tərəddüd etmədən canını ortaya qoyan şəhidlərimizə borcluyuq. Borcun ödənməz, cənab leytenant!
İlahə Vəliyeva,
Fatma Zahidqızı
APA TV