Şəhid olandan 50 gün sonra nəşi tapıldı - REPORTAJ
Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalanlardan biri də Orxan Vidadi oğlu Balayevdir.
APA TV-nin şimal bürosunun xəbərinə görə, Orxan 1998-ci ildə Qubanın Alpan kəndində dünyaya göz açıb. İki bacının tək qardaşı olub.
O, yeniyetmə yaşlarından hərbçi olmağı arzulayırdı. 2018-ci ildə həqiqi hərbi xidmətini bitirdikdən sonra üç aylıq gizirlik kursunu uğurla keçərək, Vətənə xidmətini davam etdirib.
Orxan Balayev Vətən Müharibəsinin ilk günlərindən Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Tərtər və Ağdərə istiqamətində düşmənə qarşı vuruşub, Suqovuşan uğrunda döyüşlərdə iştirak edib. Sonuncu dəfə oktyabrın 6-da ailəsi ilə əlaqə saxlayıb. Daha sonra ailəyə onun itkin düşməsi barədə məlumat verilib. Sonradan şəhidlik zirvəsinə ucaldığı məlum olan qəhrəman döyüşçü doğma kəndində dəfn edilib.
Atası Vidadi Balayev deyir ki, oğlu əsgərlikdən qabaq da hərbi məktəblərə qəbul olmaq istəyirdi, amma alınmadı: “Amma xidmətini başa vurub gələndən sonra hərbçi kimi işləmək istədiyini bildirdi. Gizirlik kurslarını bitirib xidmət etdiyi hərbi hissədə qaldı. Vətən Müharibəsi başlayanda döyüşlərə qatıldı. Talış və Suqovuşanın azad olunması uğrunda qəhrəmancasına döyüşdü. Oktyabrın 6-da zəng vurdu, danışdıq. Dedi ki, telefonuma zəng çatmasa, narahat olmayın. Ondan sonra on gün zəng gəlmədi. Narahat olub maraqlanmağa başladım. Oktyabrın 15-dən Orxanı itkin düşmüş kimi qeydiyyata aldılar. Sonradan bildirdilər ki, Orxan oktyabrın 8-də döyüşlər zamanı şəhid olub. Noyabrın 30-da oğlumu kənd qəbiristanlığında dəfn etdik”.
Həmlə qruplarında snayper kimi yer alan qəhrəman döyüşçü düşmən tanklarının ələ keçirilməsində də fəal iştirak edib. O, döyüş bölgəsində çəkiliş aparan müxbirə qənimət kimi ələ keçirilən düşmən tankının üstündə müsahibə verərək, tezliklə qələbə qazanacağımızı bildirirdi.
Anası Məlahət xanımla son danışığında Orxan ona narahat qalmamağı söyləyib: “Sonuncu dəfə danışanda dedi ki, “ana, narahat olma, hər şey yaxşıdır. Torpaqlarımızı düşməndən azad edib qayıdacağıq. Ölməyə yox, düşməni öldürməyə gedirik”. İki bacının tək qardaşı, evimin işığı idi. Elə indi də yolunu gözləyirəm”.
Şəhid Orxan Balayev Alpan kənd qəbiristanlığında dəfn olunub. Qəhrəman döyüşçü ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Vəli Turan,
Mais Allahverdiyev,
APA TV