Şəhid pilotun anım mərasimində Zəfər nəğmələri səslənib

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin klubunda reallaşan növbəti tədbirdə Vətən müharibəsində möhtəşəm qələbənin qazanılmasında müstəsna xidmətləri olan Hərbi Hava Qüvvələrimizin şəhid pilotu polkovnik Zaur İsmayıl oğlu Nudirəliyevin xatirəsi ehtiramla yad edilib.


Müdafiə Nazirliyi, Nərimanov rayon İcra Hakimiyyətinin rəsmiləri, millət vəkilləri, şəhid ailələri, mədəniyyət və elm xadimləri, Bakı Qarnizonundakı hərbi hissələrin və xüsusi təyinatlı təhsil müəssisələrinin hərbi qulluqçuları, kursantlar, müharibə iştirakçıları və qazilərin iştirak etdikləri tədbirdə əvvəlcə şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut elan edilib, Azərbaycan Respublikasının Dövlət himni ifa olunub.


APA TV Müdafiə nazirliyinin saytına istinadən xəbər verir ki, layihənin müəllifi polkovnik Abdulla Qurbani nəzərə çatdırıb ki, bugünkü teatrlaşdırılmış ədəbi-musiqili tamaşanın baş qəhrəmanı ulu öndər Heydər Əliyevin 50 il öncə - 1971-ci ildə yaratdığı indiki Cəmşid Naxçıvanski adına hərbi liseyin yetirməsidir. İstər Birinci, istərsə də İkinci Qarabağ müharibəsində xalqımızın haqlı olaraq “Heydər Əliyev Məktəbi” adlandırdığı bu təhsil ocağından pərvazlanan peşəkar zabitlər əsl qəhrəmanlıq, mərdlik və şücaət nümunələri göstərərək müasir hərb tariximizə parlaq səhifələr yazıblar.


C.Naxçıvanski adına hərbi liseyin, eləcə də bu məktəbin Naxçıvan filialının bazasında yaradılan Heydər Əliyev adına hərbi liseyin yüzlərlə yetirməsi olan zabitlər  bütün qoşun növlərində təmsil olunaraq Ulu Öndərin arzularının həyata keçməsi, Qarabağın işğaldan azad olunması uğrunda döyüşlərdə fəal iştirak edərək xalqımızın 30 illik həsrətinə son qoyublar. Onlardan neçəsi respublikamızın ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi naminə hərbi əməliyyatlarda öz canlarından, qanlarından keçərək şəhidlik zirvəsinə ucalıb, neçəsi döyüşlərdə sağlamlığını itirib, neçəsi isə bu gün də ordu sıralarında dövlətimizin təhlükəsizliyi, sərhədlərimizin toxunulmazlığı naminə xidmətlərini şərəflə davam etdirir, düşmən təxribatlarının qarşısını qətiyyətlə alırlar.


Sonra polkovnik A.Qurbani şəhid polkovnik Zaur Nudirəliyevin həyat və döyüş yolu ilə bağlı ətraflı məlumat verib.


Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun “Qorqud” ansamblının (ansamblın rəhbəri Əməkdar artist Nuriyyə Hüseynovadır), Bakı Bələdiyyə Teatrı aktyorlarının və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi yaradıcı heyətinin iştirakı ilə təqdim olunan ədəbi-musiqili kompozisiya və Zəfər nəğmələri böyük maraqla qarşılanıb.


Tədbirdən sonra şəhid Z.Nudirəliyevin dəfn edildiyi İkinci Şəhidlər xiyabanı ziyarət olunub, məzarı önünə əklil və güllər düzülüb.


“Zəfər Yolunun Qəhrəmanları” layihəsi çərçivəsində vətənpərvərlik tədbirləri davam edir.

Müəllif | Apa.Tv
Apa.tv