Şəhid qanı hopmuş Azərbaycan Bayrağı - REPORTAJ

Xalqın qəhrəmanlıq dastanını qanı ilə yazan şəhidlərimizdən biri də Səyadulla Rasim oğlu Əhmədovdur.

APA TV-nin xəbərinə görə, o, 29 dekabr 1998-ci ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində anadan olub.

Çəkiliş qrupumuz Əhmədovlar ailəsinin qonağı olduğu gün Səyadulla həyatda olsaydı, 22 yaşını qeyd edəcəkdi. Amma o, yaşamaqdansa, ölümsüzlüyü seçdi.

Bu qəhrəmanlıq hekayəsi Səyadullanın uşaqlıq illərindən hərbiyə olan marağından başlayır. İllər sonra o, Naxçıvana həqiqi hərbi xidmətə gedir. Orada peşəkar atıcı kimi sərrastlığı ilə seçilir. Atası Rasim Əhmədovun dediyinə görə, xidmət etdiyi dövrdə vəzifələrini nümunəvi yerinə yetirməyinə, hərbi biliklərinə və dəqiq atışlarına görə fərqlənməyi bacarır: “O vaxt qalmaq istəyirdi Naxçıvanda zabit kimi. Mən bir az xəstə olduğum üçün o qalmadı. Komandiri də çox yalvardı, qalmadı, qayıtdı gəldi. Deyirdi həmişə, nə vaxtsa hərbiyə mən yollanacağam. Ailə içində çox mehriban oğul idi. O, əsgərlikdən gələndən mənim problemim olmurdu, daha doğrusu, qoymurdu işləməyə”.

Bu ilin iyul ayında Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdikləri təxribatlardan sonra Səyadulla hərbi xidmətini davam etdirmək üçün fürsət gözləyir. Atasının səhhətindəki problemlər əməliyyatla müəyyən qədər aradan qalxdığı üçün dərhal könüllü olaraq orduda xidmət etmək üçün müraciət edir. Nəhayət, gözlədiyi an gəlir. Vətən Müharibəsindən 1 həftə əvvəl hərbi təlimlərə çağırılır. Anası və bibiləri soruşanda ki, hara və niyə gedirsən, Səyadullanın cavabı belə olur: “Mən getməyim, o getməsin, bu getməsin, bəs kim getsin? Biz getməliyik. Analarımızın, bacılarımızın qabaqkı kimi olmağı yaxşıdır yoxsa? Ondan sonra dedi ki, “ata, mənə xeyir-dua ver”. Mən də xeyir-dua verdim, çıxdı getdi”. 

Səyadullanın müəllimi, şəhid atası Nazim Paşayev şagirdini belə xatırlayır: “Səyadulla Əhmədovun, şəhidimizin tarix müəllimiyəm, eyni zamanda mən özüm də şəhid Orxan Paşazadənin atasıyam. Mən oğlanlarımızla fəxr edirəm, Səyadulla kimi qorxmaz oğullarımız olduğu üçün özümüzü bəxtiyar hesab edirəm. Onun ata-anasına başsağlığı verirəm və sevinirəm ki, belə oğlanlarımız Vətən yolunda, xalq yolunda qurban gediblər və torpaqlarımızı azad ediblər. Səyadulla həmişə bizə gələrdi, mənim kiçik oğlumla həmyaşıddır və həmişə də deyərdi ki, mən Orxanın qisasını alacağam”. 

Sərrast atıcı olan Səyadulla Əhmədov döyüşlərdə daim irəlidə gedib. Qardaşı Sadiqin sözlərinə görə, Füzuli rayonunun işğaldan azad olunması uğrunda qəhrəmancasına, son damla qanınacan döyüşən qəhrəman oktyabr ayının 2-də şəhidlik kimi ali zirvəyə yüksəlib: “Səyadulla çox qeyrətli bir oğul idi. Dağ kimi bir qardaş idi mənim üçün. Onun itkisi bizim elimizə, obamıza, ailəmizə çox ağır təsir elədi. Amma bir yandan da qürur duyuruq ki, mənim qardaşım Vətən yolunda, millət yolunda canından keçdi. Telefonla danışanda hərbi sirlər olduğuna görə məlumatları vermirdi. Deyirdi ki, narahat olmayın, yaxşıyıq, salamatlıqdır. Mən ondan soruşurdum ki, o şərəfsizlərdən öldürə bilibsənmi? Deyirdi, narahat olma, canlarını almışıq, inşallah, torpaqlarımızı geri qaytaracağıq”.

Şəhidin valideynləri onun xatirəsini əbədiləşdirmək üçün evlərinin həyətində muzey yaradıblar. Muzeydə Səyadullanın xatirə şəkilləri, geyim və əşyaları ilə yanaşı, üzərində qanının olduğu Dövlət Bayrağımız da saxlanılır.

Qeyd edək ki, Azərbaycan Prezidentinin sərəncamları ilə əsgər Səyadulla Əhmədov ölümündən sonra “Vətən uğrunda” və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv