Şəhid qardaşının toyundan qürur verən görüntülər

Şəhid qardaşının toyundan qürur verən görüntülər Bu kadrlarda Azərbaycanın şərəfini seyr edirsiniz. Onun üç çalara ayrılmış parçası məhrəm gücü, doğma inancı və ulu göyləri təsvir edir. Qürurla dalğalanır. Noyabrın səkkizi, 2020-ci ilin məşhur gecələrindən birindəyik. Cəbhə yoxdur. Təmas xətti yoxdur. “Dağlıq Qarabağ” adlı qondarma kəlmələr haqqın lənətinə qovuşmaq üzrədir. 31 il öncənin soyuq dekabrının 19-cu günündə doğulan Surxay Noçuyevin sonuncu günəşi şəfəq saçmağa hazırlaşır. Sabah o, doğma vətən torpaqlarında axirətin müqəddəs yadlığına qarışacaq. 2016-cı ilin Aprel döyüşlərini xatırlayır. Şəhidlik o günlərdə də çiyindaşı idi Surxayın. Ölüm mələyi mərci uduzmuşdu ancaq. Surxay daha ali şəhadətə çatmaq üçün möhlət almışdı ilahidən. Və budur, günəş doğulur, qarşıda düşmənin zorla sığınmağa çalışdığı Şuşa qalası dayanır, Surxay hazırdır. Əldə silah əvəzi bıçaq, qolda taqət, ürəkdəki təpərlə dırmaşır Şuşaya. Məhv edir düşmənləri. Qala divarlarında “Kapitan” sədası əks-səda verir. Gələcəyin müqəddəsləri düşmən sipərini yarır, döyüş qızışır, Şuşanın divarları önündə ikinci günəş ucalır. Sonra üçüncü. Ardınca dördüncü, beşinci... Mərdlik günəşinin qızmar istisi kül edir dığaları. Gün bitir. Surxay döyüşə yollandığı gün, sentyabrın 27-də Uğur adlı övladından sonra qızı göz açmışdı dünyaya. Heç vaxt atasının üzünü görmək şansı olmayacaq Fidan... Bu toyu digərlərindən fərqləndirən müstəsna özəllik Noçuyevlər ailəsinə məxsus olmasıdır. İki il öncənin bəd xəbəri Surxayın qardaşı Əfqan Noçuyevin şadlığına qarışır. Hər kəs təbəssümlə dolu kədər fonunda bu möhtəşəm mərasimi duymağa çalışır. Artıq hər şey keçmişdə qalıb. Mərmi vıyıltıları, partlayış sədaları, minaların ilk və son dəfə eşidilən çıqqıltısı indi xoş ovqatlı mahnılarla əvəzlənib. Surxayın ruhu görəsən indi şaddırmı? Oğlunun doğum günüdür. Noçuyevlər ailəsinin soyu qardaşının toy günündən uzaq gələcəyə boylanır. Təxəyyüldə bu qorxmaz Vətən Müharibəsi Qəhrəmanının təltifləri canlanır. III dərəcəli "Qüsursuz xidmətə görə", "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi", "Azərbaycan Ordusunun 100 illiyi", "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" verilən medallar... Onun artıq vətənə heç bir borcu yoxdur. O, indi vətənin özüdür...

Müəllif | Apa.Tv
Apa.tv