Şəhid sərhədçimiz torpağa tapşırıldı
Erməni təxribatı nəticəsində şəhid olan Azərbaycan hərbçisi ilə vida mərasimi keçirilib.
APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, şəhid İbrahim Vəliyevin cənazəsi yaşadığı Zərdab rayonuna gətirilib.
Vida mərasimindən sonra şəhid Zərdabın Gəlmə kənd qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində Dövlət Sərhəd Xidmətinin zabitləri, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.
Qeyd edək ki, ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozmaqla təxribat törədiblər. Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqəsinə diversiya cəhdinin qarşısı alınıb, ciddi itkilər verməyə məcbur olmuş düşmənin bir zabiti ağır yaralanıb, digər hərbi qulluqçusu öldürülüb. Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər İbrahim Ələmşah oğlu Vəliyev qəhrəmancasına şəhid olub.