Şəhidin adına olan küçəni kimlər hərraca çıxardıb?
Bir-neçə gün əvvəl APA TV-yə gələn şikayətlərlə bağlı Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsinin satılması ilə bağlı reportaj hazırlamışdıq. Vətəndaşlar hər gün istifadə etdikləri yolun bir hissəsinin İcra hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qanunsuz olaraq satıldığını bildirmişdilər. Sözügedən ərazidə olduğumuz zaman Qaradağ Rayon İcra Hakimiyyətindən bildirilmişdi ki, qurum Əmlak Məsələləri Dövlət Xidmətinin işinə müdaxilə edə bilməz. Xidmətdən şəhid Məhərrəm Seyidovun adına olan küçənin satılması ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmisi Elmar Yaqubov isə bildirdi ki, 1996-cı ildən “Xidmət” Dövlət Konserni ləğv edilib. Dövlət Konserninə məxsus müəssisə və obyektlər, o cümlədən Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi ünvanında yerləşən 22 saylı Avtodayanacaq özəlləşdirilmək üçün keçmiş Dövlət Əmlak Komitəsinin tabeliyinə verilib. “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı” və “Dövlət əmlakının hərraclar vasitəsilə satışı Qaydaları”na uyğun olaraq keçmiş Əmlak Məsələləri Dövlət Xidmətinin balansında olan 22 saylı Avtodayanacağın hərrac vasitəsilə özəlləşdirilməsi barədə 21 oktyabr 2016-cı il tarixdə qərar qəbul edilib və hərracda obyekt torpaq sahəsi ilə birlikdə özəlləşdirilib. Maraqlıdır, hansısa torpaq sahəsi özəlləşdirilərkən və ya hərraca qoyularkən insanların rahatlığı, onların yaşayış səviyyələrinə təsiri müvafiq qurumlar tərəfindən araşdırılmırmı? Problemin həll olunub-olunmadığını öyrənmək üçün Məhərrəm Seyidov küçəsinin sakinləri ilə də əlaqə saxladıq. Bildirdilər ki, bütün şikayətlərinə baxmayaraq, hələ də problemin həlli istiqamətində konkret addımlar atılmayıb. LƏMAN SALEHOVA APA TV