Şəhidin doğum günündə qızı dünyaya gəldi - REPORTAJ
23 mart 1992-ci ildə Şəmkir rayonunun Qasımalılar kəndində anadan olan, oktyabrın 10-da Füzuli istiqamətində gedən hərbi əməliyyatlar zamanı isə şəhid olan Nadir Nadirlinin ilk övladı dünyaya göz açıb.
APA TV-nin xəbərinə görə, adını qızıl hərflərlə Azərbaycan tarixinə yazdıran şəhid Nadirin övladına da elə atasının adına bənzər Nadia adı qoyulub.
Doğum evinin qarşısındakı qələbəlik, qohum əqrəba, hərbiçi yoldaşları, gül çiçək, göz yaşları. Həm sevincli, həm də kədərli baxışlar.
Nadir şəhid oldu, Nadia doğuldu. Qızının dünyaya gələcəyini bilirmiş Nadir. Doğmaları ilə danışanda “əgər mən qayıtmasam qızıma mənim adıma uyğun bir ad qoyarsız” deyib.
Şəhidin həyat yoldaşı Qaratel Nağdəliyeva sözlərinə görə, qızı martın 23-də, şəhidin doğum günündə dünyaya gəlib: ”Əslində bu təsadüf deyil bizim qismətimizin davamıdır. Neçə gündür dediyim budur ki, bir tərəfdən alan Allah o biri tərəfdən verir. Düşünürəm ki, Nadir şəhid olacağını bilirdi. O döyüşlərə qızının həsrəti ilə getdiyinə əminəm. Hələ sağ ikən demişdi ki, qızım doğulanda sağ-salamat qayıdıb gələ bilərəmmi, qızımı qucağıma ala bilərəmmi, başına örpək bağlaya bilərəmmi?”.
Şəhidin anası Xədicə Quliyeva oğlu ilə fəxr etdiyini deyir: “2009-2013-cü illərdə BDU-da "Biologiya" üzrə ali təhsil alıb. Nadir 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 10-da isə Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb”.
Məlumat üçün bildirək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Nadir Nadirli ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları təltif edilib.
Şəhidin qohumu Mahmud Nağdəliyev deyir ki, Nadir bizim üçün qardaş idi, əziz bir insan idi: “Biz hər zaman Nadirlə fəxr etmişik, bundan sonra ikiqat fəxr edirik. Nadir dünyaya gələn qızın fəxri oldu. Ömrünün sonuna kimi qızı da atası ilə fəxr edəcək, qürur duyacaq”.
Daha sonra körpə Şəhidlər ölməz, vətən bölünməz şüarının sədaları altında öz ata baba ocağına yola salındı. Evinə xoş gəldin balaca Nadia. Gələcəkdə başını hər zaman dik tut, Çünki sən cəsur şəhid övladısan. Qoy bütün dünya eşitsin biz bir ölüb, min dirilirik.
İlahə Vəliyeva
Faiq Həsənov
APA TV