Şəhidin sonuncu zəngi 30 oktyabrda Qubadlıdan gəlib...
Vətən müharibəsində torpaq həsrətimizə son qoyan, qəhrəmancasına canından keçən, 19 yaşında şəhidlik zirvəsinə ucalan əsgər Xaqani Babazadə.
APA TV xəbər verir ki, o, Astaranın Kijəbə qəsəbəsində dünyaya gəlib. Xaqanini anasının xalaları Xədicə və Vəcihə xanım körpə vaxtından himayələrinə götürüblər, boya-başa çatdırıblar. Xanımlar birlikdə şəhidimizə analıq edib, onun nümunəvi vətəndaş kimi yetişməsi üçün əllərindən gələni əsirgəməyiblər. Deyirlər ki, Xaqani oxumağı sevən, zirək və vətənpərvər uşaq olub. Vətənə olan sevgisi hər şeydən üstün olan Xaqani 2019-cu ilin aprel ayında Murov dağa hərbi xidmətə yollanıb.
Şəhidin qohumu Vəcihə Məmmədova şəhidlə fəxr etdiyini deyir: “Allah mənim balamı qəni-qəni rəhmət eləsin. Öz balamla fəxr edirəm. Fəxr edirəm ki, belə övlad böyütdük. Allah belə qismət elədi. Amma arzusu ürəyində qaldı, ali məktəbə girə bilmədi”.
Onun və döyüş yoldaşlarının canı, qanı bahasına əzəli torpaqlarımız işğaldan azad olundu. Şəhidimiz Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd döyüşlərində qəhrəmancasına iştirak edib və Vəcihə xanımın sözlərinə görə, həmin çətin günlərdə imkan tapdıqca evə zəng etməyə də çalışıb. Xaqaninin sonuncu zəngi 30 oktyabr tarixində Qubadlıdan gəlib: “Dedi, xala, indi oturmuşuq erməninin evində. Dedim, neyləyirsən orada mənim balam?”. Dedi, oturmuşuq, komandir bizim üçün kabab bişirir. Onun komandiri Qaxdan idi, o da şəhid olub 33 əsgərlə. Allah onları rəhmət eləsin. Dedi, saat 12:00-da hücuma çıxarıq, Şıxlıya gedəcəyik”.
Xaqani Babazadədən onun yaxınlarına xoş xatirələri və qəhrəmanlığı yadigar qalıb.
Şəhidin müəllimi Beytulla Hüseynov şəhidin məktəb illərindən danışır: “Bir sinif rəhbəri kimi 5-ci sinifdən onu götürmüşəm, 9-a qədər adi şagirdlərdən biri idi. 9-cu sinifi də əla qiymətlərlə bitirdi. 10-11-ci sinifdən artıq ciddiləşməyə başladı, onun sözü bütövləşdi. Hansı sözü deyirdisə, onu da edirdi. Dərslərə də yaxşı fikir verirdi. İdman yarışlarında, hərbi yarışlarında əla iştirak edirdi. Məktəbə Astaradan, başqa yerlərdən tərifnamələr, fəxri fərmanlar gətirirdi”.
Şəhidin dostu Murad Babayev deyir ki, bir yerdə böyümüşük, bir yerdə məktəbə getmişik, sirlərimizi bir yerdə bölüşmüşük: “Mən özüm də Vətən müharibəsi iştirakçısı olmuşam və Tərtər istiqamətlərində gedən döyüşlərdə iştirak etmişəm. Qardaşımla birlikdə, 2 nəfər torpaqlarımızın azad olunması uğrunda döyüşdük, amma çox heyf ki, qardaşımla bir yerdə qələbə sevincini yaşaya bilmədik, nəsib olmadı. Ürəyimizin bir hissəsində nə qədər kədər hissi olsa da, bir hissəsi bir o qədər fəxr hissi, qürur hissi ilə doludur. Çünki, qardaşım ən yüksək zirvəyə ucaldı, şəhidlik zirvəsinə ucaldı. Mən qardaşımla fəxr edirəm”.
Xocavənddə şəhid olur əsgərimiz, ana əvəzi Xədicə xanımın qəbrinin yanında torpağa tapşırılır. Qəhrəman şəhidimiz Xaqani Babazadə ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
Allah rəhmət eləsin.
Tural Kərimov
Rövşən Əzimov
APA TV. Astara