Şəhidlər Xiyabanında 20 Yanvar hazırlıqları davam edir
20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı Şəhidlər Xiyabanında hazırlıqlar davam edir.
APA TV-nin xəbərinə görə, Xiyabanın girişində faciənin ildönümü ilə əlaqədar müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Burada istifadə olunan qərənfillər və digər güllər Bakı kəndlərindən və Türkiyədən gətirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin rəsmisi Abit Əliyevin sözlərinə görə, təcrübəli mütəxəssislərin və rəssam-dizaynerlərin cəlb olunduğu bu kompozisiyanı güllərdən döşənən xalça və məzarlaradək divarlarda əks olunan səkkizguşəli ulduzların üzərinə vurulan bir cüt qərənfil tamamlayacaq: “Hər il olduğu kimi, 20 Yanvar faciəsi ilə bağlı Təmizlik işləri aparılır. Yaşıllıq işlərinə yenidən baxılır. Xüsusi kompozisiya hazırlanır”.
Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən cari təmir, geniş təmizlik və abadlıq işləri görülüb, ağacların budaqları budanıb, qazon örtüyü yenilənib, yeni güllər əkilib, işıq dirəkləri rənglənib, səkilər və bütün ərazi yuyulub.
Anım gününə bir neçə gün qalsa da, artıq ziyarətçilərin xiyabana axını müşahidə olunur. Ziyarətçilər arasında məktəblilər, müəllimlər və xarici ölkə vətəndaşları da var.
Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır. Yanvarın 19-20-də vətəndaşların sərbəst və maneəsiz hərəkətini təmin etmək məqsədilə təhlükəsizlik tədbirləri görüləcək.
İlahə Vəliyeva
Musa Qulammirzəyev
APA TV