Şəhidliyi ilə tarixə çevrilən müəllim – RƏŞAD MƏMMƏDOV
Vətən müharibəsi başlayan gündən torpaqlarımızın azadlığı uğrunda döyüşə atılanlar arasında müəllimlər də var idi. Döyüşlərin ilk günündən düşmənlə savaşa atılan, Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan Rəşad Məmmədov kimi.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Gəncədə tarix fənnini tədris edən Rəşad Məmmədov bu gün şəhadəti ilə tarix yazıb.
32 yaşlı şəhidin anası Rəfiqə Süleymanova deyir ki dünyada belə qəddarlıq olmayıb. Amma ermənilər bunu Azərbaycan xalqına qarşı törətdilər: “Yaralılarımıza şəfa, qalan balalarımızı da Allah saxlasın. Dünyada heç yerdə belə hadisə olmayıb-belə qəddarlıq, belə vandalizm, insanlara yaraşmayan hərəkət. Bu cavanlarımız onlara qurban oldu”.
Vətənin tarixini öyrəndi, sevdi və öyrətdi. Məqamı çatanda isə canından keçərək bu tarixin bir parçasına çevrildi. 2 il əvvəl MİQ imtahanlarında yüksək bal toplayaraq müəllimliyə başlayan Rəşad Məmmədov şagirdlərinə ölkəmizin tarixini sevdirdi, onlara lazım gələrsə Vətən uğrunda candan keçməyin vacib olduğunu yaşayışı və ölümü ilə sübut etdi.
Onun işlədiyin Gəncə şəhər Mirzə Şəfi Vazeh adına 16 nömrəli tam ora məktəbin direktoru Elnurə Yusifova da Rəşadın savadlı bir müəllim olduğunu deyir: “Şəhidlərimiz ölmür. Şəhidlərimiz daima bizimlə yaşayır. Biz bu gün qürur hissi ilə deyirik ki, bu gün bizim məktəbimizin tarix müəllimi Məmmədov Rəşad öz şəhadətinə qovuşdu. Rəşad müəllim o qədər vətənpərvər oğul idi ki, ailənin tək övladı olmasına baxmayaraq, anasını tək qoyub cəbhəyə yollanmışdı”.
Hələ iyul ayında Tovuzda baş verən düşmən təxribatı zamanı könüllü yazılan Rəşad Məmmədov bu dəfə döyüşlərin ilk günündən komissarlığa yollanıb. Pedaqoq dostu Akif Musayev deyir ki, Rəşad Azərbaycan tarixindəki erməni yaralarını dəqiq bildiyi üçün onlarla hesab məqamını gözləyirdi: “Rəşad müəllim yaşadığı dövr ərzində hər zaman vətənpərvər olub. Ümumiyyətlə onun müəllim kimi ixtisası da buna əsas verirdi. Tarixçi idi və buna görə də ermənilərin tarix boyu etdiklərini yaxşı bildiyi üçün həmişə onlara qarşı mübarizəkarlığı var idi. Və bunu da Rəşad müəllim Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olaraq sübut elədi”.
İndi bütün xalqımızın, şagirdlərinin və müəllim yoldaşlarının fəxrlə yad etdikləri şəhid pedaqoq qohumları üçün də daim qürur duyulacaq bir miras qoyub.
Dayısı oğlu Rauf Süleymanov Rəşadla qürur duyduğunu deyir: “Həm heyfslənirəm, həm fərəhlənirəm. Könüllü gedib, özü də sevinərək gedib. Evdə narahat olmasınlar deyə gülər üzlə zəng edərdi ki, mən evə yaxın hərbi hissədəyəm. Heç bildirmirdi ki, cəbhədəyəm. Bu onun xarakteri haqqda deyiləsi ən xırda epizoddur”.
Ruhun şad olsun, şəhidim! Bu xalq həm də ona görə yenilməzdir ki, onun müəllimi qəhrəman, qəhrəmanı müəllimdir. Biz ona görə qalibik ki, sənin timsalında qəhrəmanlığı danışaraq yox, yaşayaraq tarixə çevirənlərimiz var. Nur içində yat, uğrunda can verdiyin torpaqlarda, Şuşada Azərbaycan bayrağı dalğalanır.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov,
APA TV