Səhiyyə Nazirliyi karantin qadağalarının ləğvi məsələsinə münasibət bildirib

Səhiyyə Nazirliyi karantin məhdudiyyətlərinin ləğv edilməsi məsələsinə münasibət bildirib.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov APA-nın sorğusuna cavab olaraq deyib ki, hazırda qüvvədə olan qadağaların aradan götürülməsi məsələsinə çox ehtiyatlı yanaşmaq və vaksinasiya prosesini davam etdirmək lazımdır.

O qeyd edib ki, epidemioloji proses hazırda nəzarət altındadır: “Əksər qadağaların götürüldüyü bəzi ölkələrdə yenidən yoluxma hallarının sayında artım müşahidə olunur və mütəxəssislərin fikri ondan ibarətdir ki, bu məsələdə tələskənliyə yol vermək düzgün deyil”, - deyə Təyyar Eyvazov vurğulayıb.

Təyyar Eyvazov əlavə edib ki, bəzi ölkələrdə omikron ştamının “gözəgörünməz” adlanan yeni versiyası sürətlə yayılaraq daha çox insanın yoluxub xəstələnməsinə səbəb olur: “Ancaq virusun sonuncu ştamının dövr etməsi zamanı yoluxma hallarının sayında sıçrayışlı artımlar müşahidə olunsa da, xəstəxanaya yerləşdirilmə faizi bir o qədər də artmır, yəni xəstəlik əsasən yüngül keçir və xəstələrin əksəriyyəti evdə müalicə aldığından stasionar xidmət çox da yüklənmir. Bu isə daha çox yumşalmalara getməyi mümkün edir”.

Bütün bunlara baxmayaraq mütəxəssis qadağaların aradan qaldırılması məsələsində ehtiyatlı davranmağı məsləhət görür

Müəllif | Apa.Tv
Apa.tv