Səhiyyə Nazirliyindən çağırış: “Çin restoranlarına getməyin!”

“Hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət sabitdir”. 

 

APA TV xəbər verir ki, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

 

O bildirib ki, aparılan tədbirlər nəticəsində hələ ki, Azərbaycanda koronavirusa yoluxma halı qeydə alınmayıb: "Səhiyyə Nazirliyi və  Gömrük Komitəsi arasında çox sıx əlaqə yaradılıb. Birgə işlər aparılır, gündəlik məlumatlar verilir. Hələ ki, bu günə şübhəli xəstə aşkar olunmayıb. Buna baxmayaraq, sərhəd-keçid məntəqələrində termivizorlar tərəfindən bir qədər temperaturu olan xəstələr aşkar olunarsa, onlar barədə Səhiyyə Nazirliyinin Karantin Xidməti, eyni zamanda Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə məlumatlar  veriləcək.  Həmin şəxslər üzərində inkubasiya dövrü, yəni  14 günə qədər müddətdə tibb müəssisələri tərəfindən nəzarət, müşahidə işi aparılacaq”. 

 

A.Əliyeva qeyd edib ki, həm məktəblərdə, həm də məktəbəqədər müəssisələrdə müşahidələrin artırılması lazımdır: “Kimdəsə yüksək temperatur müşahidə olunarsa, həmin şəxslərin təcrid edilməsi və bu barədə ərazi Gigiyena Epidemiologiya mərkəzlərinə, oradan Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə və Səhiyyə Nazirliyinə müraciət edilməlidir. Şübhəli hal olarsa, analizlər toplanmalı, haradan gəldiyi, Çinlə əlaqəsinin olub-olmaması, hər hansı xəstə ilə təması araşdırılmalıdır”.

 

A.Əliyeva deyib ki, koronavirus xəstəliyi lokalizasiya olunana və geniş araşdırmalar aparılana qədər Azərbaycandakı Çin restoranlarına getmək məqsədəuyğun deyil: "Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təhlükənin olmaması barədə məlumat veriləndən sonra insanlar rahat şəkildə bu restoranların xidmətlərindən istifadə edə bilərlər". 

 

Qeyd edək ki, ölkə ərazisindəki rayon və şəhər xəstəxanalarında xüsusi palatalar ayrılıb. Hər hansı şübhəli xəstə qeydə alınarsa, onların hospitalizasiyası üçün Azərbaycanda tibb müəssisələrində şərait yaradılıb.

Müəllif | Apa.Tv
Apa.tv