13:04 16 Aprel 2021 139
Ana səhifə Xəbərlər

Şəki sakinindən qeyri-adi dələduzluq

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində online dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, sosial şəbəkələr vasitəsi ilə vətəndaşlara mebel dəstləri satmaq adı ilə dələduzluq etməkdə şübhəli bilinən Şəki şəhər sakini Səbuhi Əsmənzadə tutulub. Araşdırmalar zamanı məlum olub ki, S. Əsmənzadə instagram sosial şəbəkəsində “prenses_mebel_salonu”, “stil¬_mebel_salonu”, “estello_mebel_salonu” və “arzum_mebel_salonu” adlı səhifələr yaradaraq vətəndaşlara özünü başqa adlar ilə təqdim etmiş, ucuz mebel dəstləri satacağını vəd etmiş, müəyyən məbləğləri online yolla kart hesabına köçürdükdən sonra həmin şəxslərlə əlaqəni kəsib.

 

Səbuhi Əsmənzadə Şəki şəhərində qeydiyyatda olmasına baxmayaraq, Bakı şəhərində müxtəlif evlər kirayələməklə və başqa-başqa şəxslərin adına bank kartı açıb məsuliyyətdən yaxa qurtarmaq üçün mütəmadi olaraq mobil nömrəsini və yaşadığı ünvanı dəyişib. Məlum olub ki, saxlanılan şəxs özünü tanınmış mebel firmalarının rəsmi nümayəndəsi kimi təqdim edib.

 

Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Səbuhi Əsmənzadənin cari ilin müxtəlif vaxtlarında hələ ki, 5 vətəndaşdan ümumilikdə 6 200 manat pulu dələduzluq yolu ilə mənimsədiyi məlum olub.

 

 

Əsmənzadənin  əməllərindən digər vətəndaşların da zərər çəkməsi istisna olunmur, odur ki, həmin şəxslər DİN-in “102” Zəng Mərkəzinə, Gəncə şəhər Baş Polis İdarəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

 

Saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. 

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın