Şəkidə də məktəb koronavirusa görə bağlandı
Şimal-qərb bölgəsində məktəb koronavirusa görə bağlanıb.
APA TV-nin məlumatına görə, Şəki rayon Baş Zəyzid kənd tam orta məktəbində martın 9-dan dərslərin distant formada keçirilməsi qərara alınıb.
Buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirus xəstəliyinin yayılmasıdır. Dərslər 14 gün müddətində distant formada davam etdiriləcək.
Əldə edilən məlumata görə, məktəbin direktoru və direktor müavini COVID-19 virusuna tutulub. Məktəb direktoru hazırda Bakı şəhərindəki xəstəxanalardan birində müalicə alır.
Məktəb direktoru Söhbət Salmanov APA TV-yə açıqlamasında koronavirusa yoluxduğunu və rəhbəri olduğu təhsil müəssisəsinin 14 günlük bağlandığını təsdiqləyib.
Qeyd edək ki, məktəbdə 749 şagird təhsil alır, 92 müəllim və 24 texniki işçi çalışır.