Şəkidə evdən çıxan koronavirus xəstəsi barədə cinayət işi açılıb

Şəkidə karantin qaydalarını pozaraq ictimaiyyət arasına çıxan COVID-19 xəstəsi saxlanılıb.

APA TV-nin məlumatına görə, Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə koronavirus infeksiyasına yoluxmuş rayonun Aşağı Göynük kənd sakini Şahvəddin Hümmətovun yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.

 

Şahvəddin Hümmətovun COVID-19 testinin nəticəsi pozitiv olduğuna görə ev şəraitində müalicə təyin olunub, sanitar-karantin rejimi qaydalarına riayət etməsi tapşırılıb. Qaydaları pozacağı təqdirdə, məsuliyyətə cəlb olunacağı barədə məlumatlandırılıb. Buna baxmayaraq, o, qaydalara biganə yanaşaraq yaşadığı ünvanı tərk edib və ictimaiyyət arasına çıxıb. Onun hərəkətdə olduğu yer polislər tərəfindən müəyyən olunub və yaşadığı ünvana geri qaytarılıb. Şahvəddin Hümmətov barəsində cinayət işi başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv