Şəkidə mal-qara oğruları yaxalandı

Şəkidə mal-qara oğruları saxlanılıb.

APA TV-nin məlumatına görə, Polis Şöbəsinə rayonun Yeni Çələbixan qəsəbəsində ümumi dəyəri 4 min manatdan yuxarı olan iribuynuzlu mal-qaranın oğurlanması barədə müraciət daxil olub.

Həmin müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 4 baş dananı oğurlayan şəxslərin Şəki şəhər sakinləri Famil Səmədov və Sabir Pirməmmədov olduqları müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılıb. Oğurlanmış heyvanlar isə Famil Səmədovun yaşadığı evin həyətyanı sahəsində aşkarlanıb və onlar sahibinə geri qaytarılıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər cinayət əməllərində iştiraklarının olub-olmaması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv