Sektor müdiri: “Həmin mallar qaytarılır, məhv edilir və ya...”
“Laboratoriyada məhsullar minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə uyğun olaraq müayinə edilir. Nəticələr normativ texniki sənədlərin tələblərinə cavab vermədiyi halda, məhsul geri qaytarılır, məhv edilir və ya utilizasiya olunur”.
APA TV-nin məlumatına görə, bunu AQTA-nın sektor müdiri Samir Rüstəmli Heydər Əliyev adına hava limanında yerləşən Bakı Karqo Terminalında idxal olunan yeyinti məhsullarının nəzarət baxışı zamanı deyib. Bildirib ki, cari ilin 9 ayı ərzində 24000 kq yararsız ət məhsulu ixracatçı ölkəyə geri qaytarılıb: “Bundan əlavə fitosanitar tədbirləri çərçivəsində 16 müraciətdən imtina edilib və 920 ton məhsul zərərsizləşdirilib. Eyni zamanda 9 ay ərzində təxminən 20 min qida təhlükəsizliyi sertifikatı verilib”.
Sektor müdiri vurğulayıb ki, geri qaytarılan məhsullar əsasən qonşu ölkələrdən gələn məhsullardır. Belə hallar əsasən yay aylarında baş verir.
Qeyd edək ki, nəzarət baxışı gömrük orqanı və AQTA əməkdaşları tərəfindən həyata keçirilib.