Sel Zaqatalada və Qaxda fəsadlar törətdi – MAŞINI VƏ BULDOZERİ APARDI

Leysan yağışları və güclü külək Zaqatala və Qaxda  bir  sıra fəsadlar törədib.

APA TV-nin yerli bürosunun məlumatına görə, ötən gün axşam saatlarından başlayaraq, ölkənin şimal-qərb bölgəsində qeyri sabit hava şəraiti hökm sürüb, Balakən, Qax, Şəki və Oğuza yağış yağıb.

Zaqatala rayonu ərazisində isə güclü külək əsib, dağlıq ərazilərə leysan yağıb. Güclü külək nəticəsində rayonun bir sıra ərazilərində elektrik dirəkləri və naqilləri qırılıb, bir sıra yerlərdə iri gövdəli ağacların budaqları elektrik naqillərinin üzərinə düşüb. Nəticədə rayonun 10-a yaxın yaşayış məntəqəsinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.
 

Dağlara yağan leysan yağışları nəticəsində rayonun böyük çaylarından olan Tala çayında qısa müddətli sel yaranıb. Nəticədə rayonun Yuxarı Tala və Aşağı Tala kəndərini içməli su ilə təmin edən su xəttinin bir hissəsi dağılıb. 16 mindən yuxarı əhalini əhatə edən iki yaşayış məntəqəsinin 60 faizi susuz qalıb.

Qaxda Kürmük çayında yaranan sel isə çay məcrasında bənd tikintisi işləri aparan təşkilata məxsus “ZİL” markalı avtomobili və bir ədəd ağır tonnajlı buldozeri aparıb. Hər iki texnika yararsız vəziyyətə düşüb.

Hazırda müvafiq qrumlar tərəfindən leysan yağışları və güclü külək nəticəsində yaranan fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv