Səlim Müslümovun atası oğlunun vəziyyətindən danışdı

Sabiq əmək va əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun səhhətində ciddi problem yarandığından onun Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürüldüyü bildirilir.

 

APA TV xəbər verir ki, eks-nazirin atası Yanvar Müslümov Modern.az-a açıqlamasında faktı təsdiqləyib.

 

Yanvar Müslümov özünün də səhhətində problemlər olduğunu vurğulayıb:

 

"Bildiyiniz kimi, özüm də xəstəyəm, artıq 84 yaşım var. Ayaqlarım işləmir, heç avtomobillə belə, uzun yolu gedə bilmirəm. Yaşım o yaş deyil. Amma Səlimin xəbərin eşidəndən özümüzə gələ bilmirik. Dedilər səhhəti çox pisdir. Dünəndən ağlayırıq, əlimizdən dua etməkdən başqa heç nə gəlmir".

 

Sabiq nazirin atası oğlunun hansı xəstəliklərdən əziyyət çəkdiyini də açıqlayıb:

 

"Əvvəldən təzyiq, şəkər problemləri var idi. Bilirsiniz, bizdə bu xəstəliklər irsidir. Allah ölənlərinizə rəhmət eləsin, atam da təzyiqdən rəhmətə getdi. Kiçik qardaşım "Narxoz"da oxuyanda, cavan yaşında o da xəstəlikdən keçindi. Mən özüm danışmasam da, uşaqlar həkimlərdən xəbər alır. Deyirlər təzyiqi, şəkəri çox yüksəlib, amma həkimlər nə lazımdırsa edirlər. Allaha pənah, İnşallah sağalar".

 

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, Səlim Müslümov Cinayət Məcəlləsinin ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə, təkrar külli miqdarda rüşvət alma maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Müəllif | Apa.Tv
Apa.tv