Şəmkirdə 21-ci əsrin bağçası

Sınıq qapı-pəncərələr, antisanitar həyət, otaqlar, bərbad vəziyyətdə olan sanitar qovşağı, uçub-dağılan dam örtüyü, qorxu filmlərini xatırladan yelləncəklər. Hər dəqiqəsi təhlükə saçan bu mənzərə Şəmkir rayonunun Bayramlı kəndindəki bağçadandır.

 

Bəli, bura 21-ci əsrin uşaq bağçasıdır. Sözü gedən bina 1961-ci ildə tikilərək istifadəyə verilib. Uşaq bağçası kimi isə 1989-cu ildən fəaliyyət göstərir. Həmin ildən bu günə qədər bircə dəfə də təmir edilməyib.  

 

Bu gördüklərinizdən daha dəhşətli mənzərə isə bələdiyyə binasındadır. Binanın girişində adamı açıq elektrik naqilləri qarşılayır. Binaya daxil olan kimi döşəmə və tavan az qalır ki, yerindən çıxıb adamın üstünə gəlsin.

 

Bayramlı kəndin sakinləri deyir ki, körpələr evinin yararsız olması ilə bağlı dəfələrlə aidiyyəti qurumlara şikayət ediblər. Ancaq verilən vədlər yerinə yetirməyib.

 

Müəllimlərin körpələrin təlim-tərbiyəsi ilə harada və necə məşğul olduğu ilə maraqlanmaq və bağça müdiri Lamiyə Süleymanovanın  vəziyyətlə bağlı fikirlərini öyrənməyə çalışdıq. Amma bağça müdiri müsahibədən imtina etdi və çəkiliş üçün heç bir şərait yaratmadı.

 

Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsinə müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri Nəcibə Vəliyeva bildirdi ki, problemdən xəbərdardırlar: 

“Əvvəlki illərdə bağça 55 yerlik olsa da, sonradan bu rəqəm rəsmi olaraq azaldılmış və hal-hazırda 35 yerlik olmaqla 2 qruplu bağça kimi fəaliyyət göstərir. Bildiyiniz kimi məktəbəqədər təhsil müəssisələri  Elm və Təhsil Nazirliyinin tabeliyinə yeni verilmişdir. Hazırda həmin müəssisələrin infrastrukturu barədə monitorinqlər aparılır. Bu proses cari ilin may ayınadək davam edəcək. Ondan sonra prioritetlərə bölünərək məktəbəqədər təhsil müəssisələrində təmir işlərinə başlanılacaqdır.”

 

Qeyd edək ki, Bayramlı kənd  körpələr evi-uşaq bağçasında 35 uşaq tərbiyə alır. Onların təlim tərbiyəsi ilə 4 tərbiyəçi məşğul olur.

Müəllif | Apa.Tv
Apa.tv