Şəmkirdə bacı-qardaş oğurluq etdiyinə görə saxlanıldı
Şəmkirdə silsilə oğurluq edən bacı-qardaş saxlanılıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, rayon polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Şəmkirdə üç mağazanı qarət edən Ağstafa sakinləri, əvvəllər də məhkum olunan 36 yaşlı Eldəniz Qasımov və bacısı İlhamə Qasımova tutulub.
DİN-in mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov deyir ki, saxlanılan şəxslər Şəmkirdə 59 dəst paltar oğurlayıblar: “Saxlanılan şəxslərin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, onlar cari ilin may-iyul aylarında rayon ərazisindəki mərkəzi bazarda yerləşən 3 qadın geyimləri satılan mağazadan 2160 manat dəyərində, ümumilikdə 59 dəst qadın paltarı oğurlayıblar”.
Araşdırmalar zamanı o da müəyyən edilib ki, qardaş və bacı Şəmkirdə bir mağazanı iki dəfə qarət etməkdən belə çəkinməyib. Saxlanılan Eldəniz Qasımov əldə etdikləri geyim əşyalarını müxtəlif ünvanlarda dəyər-dəyməzinə satdıqlarını deyir: “Dedi hansı mağaza yaxşıdır onu qabaqda gedib müəyyən edəcəm. Məndən 15-20 metr ara verməklə sən gəlib girərsən dedi. Mən ayrı adam kimi gəlirdim. Deyirdim bu neçəyədir. Deyirdi 15-20 manat. Deyirdim bunun bir az böyük razmeri varmı? Ya başqa rəngi varmı? Deyirdi hə var. Bu mənə razmer rəng axtaranadək bu götürürdü”.
Saxlanılan İlhamə Qasımova da etdiyi əməli etiraf edib: “Mən qabaqda gedib mağazaya girirdim. Görüm orada paltar necədir. Mən girirdim guya paltarlara baxıram. Buda gəldi satıcını danışdırdı, guya ayrı adamdır. Bu danışdırdı məndə götürdüm”.
Dindirilmə zamanı onlar yaşadıqları Ağstafa və qonşu Qazax rayonunda da analoji cinayətlər törədiklərini etiraf ediblər.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV