Şəmkirdə bir ayın gəlini yoxa çıxdı və... - 17 YAŞINDA AİLƏ QURUB
Şəmkirdə 17 yaşlı gəlin itkin düşüb.
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.
Ötən ilin dekabrın ayında Xəyalə Həsənova Şəmkir rayonunun Kür qəsəbəsinə gəlin köçüb. Bu il yanvarın 6-da evdən çıxıb, bir daha geri qayıtmayıb. Xəyalə Həsənovanın itkin düşməsindən ilk xəbər tutan onun həyat yoldaşı olub. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Axtarışlar başlayıb.
Şəmkirin Mahmudlu kəndində - Xəyalə Həsənovanın doğulduğu ünvanda çəkiliş aparmağa icazə vermədilər. Daha sonra nənəsi Ədilə Həsənova danışmağa razı oldu. Onun sözlərinə görə, nəvəsi qonşu kəndə gəlin köçüb.
Kür qəsəbəsində - Xəyalənin gəlin köçdüyü evdə də əvvəlcə Mahmudludakı mənzərə ilə qarşılaşdıq. Yalnız həyat yoldaşı - Zöhrab Həsənov bildirdi ki, aralarında, ümumiyyətlə ailə üzləri ilə Xəyalənin heç bir problemi olmayıb, həmin gün də həmçinin. Həyat yoldaşının yoxa çıxmasını isə telefonla ona bacısı deyib. Zöhrab Həsənovun sözlərinə görə, Xəyalə paltarlarını və özünə aid qızıl-zinət əşyalarını götürüb, başqa heç nə aparmayıb.
Material efirə hazırlanarkən Xəyalə Həsənovanın tapılması xəbərini aldıq. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xəyalə Həsənovanın yeri Sumqayıt şəhərində müəyyən edilərək ailə üzvlərinə təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.