Şəmkirdə dağ kombaynları taxıl biçininə cəlb olunub
Azərbaycanda taxıl biçini yekunlaşmaq üzrədir. Artıq yalnız dəniz səviyyəsindən çox yüksək dağlıq ərazilərdə biçin aparılır.
APA TV-nin xəbərinə görə, bu mövsümdə ilk dəfə relyefi çətin, yüksək dağlıq ərazilərdə biçin prosesinə ən yüksək texnologiyalara əsaslanan müasir dağ kombaynları cəlb olunub.
Prezident İlham Əliyevin imzaladığı sərəncam əsasında "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin texnika parkının yenilənməsi üçün ayrılan vəsaitin bir hissəsi hesabına dünyada ən yaxşılardan hesab olunan müasir dağ kombaynları alınıb. Bu kombaynlar ilk dəfə Lerik və Yardımlı rayonlarının yüksək dağlıq ərazilərində uğurla sınaqdan çıxarılıb. Bu gün isə Şəmkir rayonunun Ələsgərli kəndində dağ kombaynları biçinə cəlb olunub.
Dağ kombaynlarının əsas özəl xüsusiyyətlərindən biri məhsulu itkisiz yığmasıdır. İndiyədək dağlıq ərazilərdə biçin zamanı kombaynlar 15-20 faiz itkiyə yol verirdisə, dağ kombaynları ilə biçin zamanı məhsul son dəninə qədər yığılır. Eyni zamanda dağ kombaynları 20 dərəcə nəmlikdə biçin apara bilir ki, bu da məhsulun daha tez yığılmasını təmin edir.
Bu günədək ölkə üzrə taxıl zəmilərinin 86,2 faizində biçin prosesi başa çatıb. Ümumilikdə 877 440 hektar sahədə biçin aparılıb. Taxıl üzrə orta məhsuldarlıq 31,4 sentner təşkil edir.
Artıq biçin başa çatmış ərazilərdə təkrar qarğıdalı əkinləri aparılır. Nazirlik rəsmisinin sözlərinə görə, bu il təxminən 50 min hektar sahədə biçindən dərhal sonra təkrar qarğıdalı əkinlərinin aparılması proqnozlaşdırılır. Təkrar əkinlər torpaqlardan daha səmərəli istifadə etməyə, heyvandarlıqda yaşıl yemə olan tələbatı daha yaxşı ödəməyə imkan verəcək. Dövlət suvarılan ərazilərdə təkrar qarğıdalı əkinləri aparacaq fermerlərə hər hektara görə 60 manat birdəfəlik subsidiya ödəyəcək.