Şəmkirdə ev yandı - 1 ÖLÜ, 3 YARALI

Ötən gecə  Şəmkirdə baş verən yanğında bir nəfər ölüb, 3 nəfər xəsarət alıb.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Ələsgərli kəndində qeydə alınıb.

 

Belə ki, gecə saat 3:00 radələrində 1957-ci il təvəllüdlü kənd sakini Rüstəm Süleyman oğlu Əhmədova məxsus evdə güclü yanğın baş verib. Dərhal hadisə yerinə FHN-in Şəmkir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

 

Yanğın zamanı gördüyünüz ev yanaraq külə dönüb. Hadisə zamanı 3 nəfər ağır yanıq xəsarətləri alıb, 1 qadın isə hadisə yerində dünyasını dəyişib. Yanğın zamanı ağır yanıq xəsarətləri alan ev sahibi, 1957-ci il təvəllüdlü Rüstəm Süleyman oğlu Əhmədov, onun övladı, 1987-ci il təvəllüdlü Zöhrab Rüstəm oğlu Əhmədov və onun oğlu, 2011-ci il təvəllüdlü Rüstəm Zöhrab oğlu Əhmədovdur. Ağır yanıq xəsarətləri alanlar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhərinə aparılıb. Onların vəziyyəti ağır olduğundan, paytaxta aparılıb.

 

Evin gəlini Aygün Əhmədova bildirib ki, hadisə gecə saatlarında baş verdiyindən, yanğından gec xəbər tutublar. Onun sözlərinə görə, anidən güclənən yanğın zamanı övladları evdə olub. Xoşbəxtlikdən onları xilas edə biliblər.

 

Dəhşətli yanğın zamanı ev sahibinin həyat yoldaşı, 1960-cı il təvəllüdlü Mehi Əhmədova gördüyünüz bu otaqda yanaraq külə dönüb. Onun meyiti bir neçə saatdan sonra yanğınsöndürənlər tərəfindən burdan tapılıb.

 

Ev sahibinin qohumları və qonşuları bildiriblər ki, Ələsgərli ucqar kənd olduğundan, burada hər hansı hadisə baş verəndə təcilli tibbi yardım və yanğınsöndürənlər gec gəlib çatırlar. Buna səbəb isə kəndin yolunun bərbad olmasıdır.

 

Yanğının elektrik naqillərində baş verən qısaqapanmadan olduğu deyilir. Faktla bağlı araşdırma aparılır.

 

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv