Şəmkirdə evlərdən oğurluq edən dəstə üzvləri tutuldu

Şəmkirdə fərdi yaşayış evlərindən oğurluq etməkdə şübhəli bilinən şəxslər yaxalanıb.

 

DİN mətbuat xidmətinin Gəncə regional qrupundan APA TV-yə verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Elcan Hüseynov, Röyal Həsənov və yetkinlik yaşına çatmayan digər bir rayon sakini saxlanılıb.

 

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər mart ayının 9-da rayon ərazisindəki evlərin birindən 1 ədəd televizor oğurlayıb.

 

DİN mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımovun sözlərinə görə, davam etdirilən istintaq-əməliyyat tədbirləri ilə saxlanılan şəxslərin daha bir cinayət əməli aşkar edilib: “Bundan başqa, keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxslərin mart ayının 15-də Şəmkir rayonu ərazisindəki fərdi yaşayış evlərindən birinə qeyri-qanuni yolla daxil olaraq oradan 500 manat dəyərində televizor, 500 manat nağd pul və digər qızıl zinət əşyalarını oğurladıqları məlum olub. Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib”.

 

Faktla bağla araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv