Şəmkirdə internet klubunu qarət edən şəxslər tutuldu

Şəmkir polisi internet klubundan oğurluqda şübhəli bilinən iki nəfəri saxlayıb.

 

APA TV-nin qərb bürosunun xəbərinə görə, mart ayının ilk günlərində rayonun Qaracəmirli kəndində naməlum şəxslər Ramin  İbrahimliyə məxsus obyektə qanunsuz daxil olaraq, oradan 4 ədəd müxtəlif markalı televizor, 4 ədəd oyun aparatını götürüblər.

 

Zərərçəkənin müraciəti əsasında dərhal hadisə yerinə gələn Şəmkir Rayon Polis Şöbəsi Kür Polis Bölməsinin əməkdaşları oğurluğun üstünü isti izlərlə açıblar. Müəyyən edilib ki, internet klubunu qarət edənlər Gəncə şəhər sakinləridir.

 

Baş müstəntiq Elvin Gözəlovun sözlərinə görə, Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub  ki, Gəncə şəhər sakinləri - əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkumluq həyatı yaşayan Ayxan Hüseynov və Fuad İbrahimov qabaqcadan əlbir olub, Şəmkir rayonunun Qaracəmirli kəndinə gələrək orada yerləşən Ramin İbrahimliyə məxsus internet kluba qanunsuz daxil olub, ümumi dəyəri 6500 manat olan 2 ədəd LG, 2 ədəd “NİKAİ” markalı televizor və 4 ədəd oyun aparatlarını gizli talayıb oğurlayıblar. Həmin şəxslər tərəfimdən şübhəli şəxs qismində tutulub. Onların oğurladıqları oyun aparatları və televizorlar maddi sübut kimi götürülüb.

 

Araşdırmalarla müəyyən edilib ki, Fuad İbrahimov və Ayxan Hüseynov oğurluq yolla əldə etdiklərini Gəncədə müxtəlif şəxslərə dəyər-dəyməzinə satıblar, pulunu isə özləri üçün xərcləyiblər.

 

Ayxan Hüseynov törətdikləri cinayəti etiraf edib: “Fuadla şəhərdə maşınla gəzirdik. Üzü Şəmkir istiqamətinə gedirdik. Bir az pul lazım idi. Gəldik, tanımırdıq kəndi. Deyəsən, Qaracəmirli kəndidir. Girdik ora. Dedik, qabağımıza nə isə çıxsa, apararıq”.

 

Fuad İbrahimov da oxşar ifadə verib: “Səhəri gün mənim bir tanışım var. Çayçıda onunla rastlaşdıq. O da evi üçün televizor axtarırdı. Yalandan dedim mənim tanışımda ucuz qiymətə var. Ona 200 manata satdım”.

 

Faktla bağlı cinayət işi başlanıb. Saxlanılan şəxslərin ətraf şəhər və rayonlarda oxşar cinayətlər törədib-törətmədiyi araşdırılır.

 

Müəllif | Apa.Tv
Apa.tv