Şəmkirdə karantin rejimini pozmaq istəyən şəxslər qəza törətdi

Şəmkirdə karantin rejimini pozmaq istəyən şəxslər qəza törədib.

APA TV-nin qərb bürosunun xəbərinə görə, Şəmkir sakini Orxan Hüseynov idarə etdiyi “Hyundai” markalı avtomobillə rayonun qərb istiqamətindəki çıxışında yaradılan polis postuna yaxınlaşaraq, Tovuz rayonuna getmək istədiyini bildirib.

 

Polis əməkdaşları vətəndaşa qanunun tələblərini izah edərək bunun yolverilməz olduğunu bildiriblər və sürücüdən geri qayıtmasını tələb ediblər. Bu zaman Orxan Hüseynov tələblərə məhəl qoymayaraq postu qanunsuz keçib: “Maşının 512 manat borcu var idi. Ona görə saxlamadım. Dedim, birdən maşını əlimdən alarlar. Belə də hörmətsizlik etmişəm. Çox peşmanam”.

 

Alternativ yollarla Qazax rayonuna qədər gedib çatan Orxan Hüseynov geri qayıdanda yenə də Şəmkirin Düyərli kəndi ərazisində polis postunu qanunsuz keçmək istəyib. Ancaq cəmi bir neçə metr irəlilədikdən sonra idarəetməni itirərək qəza törədib. Hadisə vaxtı sürücü özü və yanındakı sərnişini Ülvi Süleymanov yüngül bədən xəsarətləri alıb.

Polis əməkdaşları dərhal qəza baş verən əraziyə tibbi briqada çağırıb. Hər iki şəxsə ilkin tibbi yardım göstərilib, səhhətlərində ciddi problemin olmadığı aşkarlanıb: “Qayıdanda yenə əl elədilər. Yenə saxlamadıq. Getdik bir qaranlıq yerə çıxdıq. Getdik bir əyri yola çıxdıq. Maşının altı orada dəydi. Dostuma dedim, gərək saxlayaydın. Dedi, maşının cəriməsi var”.

 

Şəmkir rayon Məhkəməsi hər iki şəxs barəsində 30 sutka inzibati həbs qərarı çıxarıb. Bununla yanaşı, Orxan Hüseynov sürücülük hüququndan bir il müddətinə məhrum edilib.

Müəllif | Apa.Tv
Apa.tv