Şəmkirdə kişi SMS-ə görə həyat yoldaşını qətlə yetirdi - TƏFƏRRÜAT

Şəmkirdə 28 yaşlı şəxs qısqanclıq zəminində həyat yoldaşını qətlə yetirib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, rayonun Posanlı kənd sakini 28 yaşlı Mübariz Məmmədov həyat yoldaşı, 25 yaşlı Nailə Məmmədovanı bıçaqlayaraq qətlə yetirib.

 

Hadisə yerində olan əməkdaşlarımız ailənin qohumları ilə söhbət edən zaman qətlin bəzi təfərrüatları məlum olub.

 

Şəmkirdə baş verən dəhşətli qətl hadisəsi gördüyünüz bu evdə qeydə alınıb. Belə ki, ər qısqanclıq zəminində həyat yoldaşını bıçaqlayaraq qətlə yetirib. Məlumata görə, bir neçə gün bundan qabaq ailədə mübahisə olub.

 

Cinayəti törədən Mübariz Məmmədovun dayısı Rəhman Şabandıyevin APA TV-yə verdiyi məlumata görə, hadisədən bir neçə gün əvvəl bacısı oğlu həyat yoldaşının telefonuna gələn SMS-ə görə evdə dava salıb. Mübahisədən sonra gənc qadın küsərək atası evinə gedib.

 

Dayısının sözlərinə görə, Mübarizin yoldaşı qonşuda olan bir oğlana SMS yazıb. Həmin oğlanın anası isə Mübarizin küçədə qabağını kəsib və SMS-i ona göstərib. Bundan sonra Mübariz Məmmədov Göygöl rayonuna gedərək, həyat yoldaşı Nailə Məmmədovanı evə qayıtmağa razı salıb.

 

Rəhman Şabandıyevin sözlərinə görə, onlar evə gələndən sonra Mübariz anasını və övladlarını otaqdan çölə çıxararaq yoldaşı ilə mübahisə edib və onu qətlə yetirib.

 

Hadisəni törədən şəxs polisə gedərək özü təslim olub. Qeyd edək ki, ailənin iki övladı var. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV Şəmkir

Müəllif | Apa.Tv
Apa.tv