Şəmkirdə narkotik əkib-becərən şəxs saxlanılıb
Şəmkirdə narkotik əkib-becərən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan APA TV-yə verilən məlumata görə, polis əməkdaşlarının Aşağı Seyfəli kəndində keçirdiyi əməliyyat zamanı çətənə kolları yetişdirən şəxs iş başında yaxalanıb.
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Aşağı Seyfəli kənd sakini Azər Süleymanov saxlanılıb. Onun saxlanılmasına yaşadığı evdə və fərdi təsərrüfatında narkotik vasitələrin kultivasiyası ilə məşğul olması səbəb olub. Baş müstəntiq Hilal Rüstəmovun sözlərinə görə, polis əməkdaşları alim-aqronom və hal şahidlərinin iştirakı ilə Azər Süleymanovun yaşadığı evə baxış keçirən zaman oradan xeyli miqdarda çətənə kolları aşkarlayıblar: “Baxış zamanı onun evindən və həyətində olan istixanadan ümumilikdə 18 ədəd əkilib becərilməsi qadağan olunan narkotik təbiətli çətənə kolları aşkar edilərək götürülüb”.
Saxlanılan Azər Süleymanov illərdir narkotik istifadəçisi olduğunu etiraf edib. O, həmin çətənə bitkisindən baş ağrılarını sakitləşdirmək üçün istifadə etdiyini deyib: “Toxumunu Şəmkir çayının qırağından yığmışdım. 3-4 kol idi. Onun bir dənəsindən çıxmışdı. Gördüm məni sakitləşdirir. Onun toxumundan gətirib səpdim. Dedim, bəlkə başımı bir az sakitləşdirər”.
Faktla bağlı araşdırma aparılır.