Şəmkirdə qohumunun evindən oğurluq edən şəxs tutuldu – İKİ İLDƏN SONRA

Şəmkirdə iki il əvvəl baş verən oğurluq hadisəsinin üstü açılıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər də məhkumluq həyatı yaşayan Anar Məmmədzadə saxlanılıb. Müstəntiq Hilal Rüstəmovun sözlərinə görə, həmin şəxs 2018-ci ilin noyabr ayının 24-də rayon ərazisində evlərdən birindən külli miqdarda qızıl-zinət əşyalarını, nağd pulu və digər qiymətli əşyaları oğurlamaqda şübhəli bilinir: “Məmmədzadə Anar Misir oğlu Şəmkir sakini Həsənov Sakit Sabir oğlunun evinə qanunsuz daxil olaraq oradan 5000 min manat dəyərində qızıl zinət əşyalarını, 300 manat nağd pulu, bir ədəd televizor aparatını və 1 ədəd oyun aparatını oğurlayıb. Həmin şəxs saxlanılaraq istintaqa təqdim edilib. İş üzrə istintaq davam etdirilir”.

Saxlanılan Anar Məmmədzadə oğurluq əməlini etiraf edib. O, izi itirmək üçün evdə quraşdırılan kameraların yaddaş qurğusunu da oğurlamağa cəhd etdiyini,  ancaq yaddaş qurğusu əvəzinə oyun aparatını oğurladığını bildirib. Zərərçəkənlə qohumluq əlaqəsi olduğunu deyən Anar Məmmədzadə əməlinə görə peşmandır: “Evə hasardan düşdüm. Sonra otaqları axtarıb qızılları və pulu tapdım. Sonra isə elə bildim kameranın yaddaş aparatıdır onları da götürdüm.  Aparatları yolda körpüdən çaya atdım. Qızılları satıb pulunun bir azını borcuma verdim. Yerdə qalanını isə xərclədim. Çox peşmanam. Sakitdən üzr istəyirəm”.

Saxlanılan şəxs barəsində cinayət iş başlanılıb.

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV Şəmkir

Müəllif | Apa.Tv
Apa.tv