Şəmkirdə quldur dəstəsi tutuldu - BAKI SAKİNLƏRİDİR
Şəmkirdə quldur dəstəsi ələ keçib.
APA TV-nin qərb bürosunun məlumatına görə, rayonunun Bayramlı kəndində Mikayıl Həsənova məxsus fermada quldurluq edən Gəncə şəhər sakinləri Rəşad Vəliyev, Roman Moskalyov və Bakı şəhər sakini Oleq Sinsini polis saxlayıb.
3 maskalı şəxs fermanın gözətçisi Məhəmməd Kazımova soyuq silahla hədə-qorxu gəlib: “Əlbəyaxa olduq. Birini vurdum. İkincisi bilmirəm arxadan məni vurdu. Məni yıxdılar. Yıxandan sonra məni üç nəfər döydü. Döyəndən sonra məni otağa apartdılar”.
Saxlanılanlar mal-qaranı elə oradaca tanışları - Tovuz rayon sakini Feyruz İbrahimova 2 min manata satıblar. Sonuncu həmin heyvanları həmyerlisi Elməddin Zeynalovun maşını ilə rayona aparıb. Tutulan şəxslər bundan əvvəl digər rayonlarda analoji cinayətlər törədib: “Daşkəsən rayonunun Xoşbulaq kəndi ərazisindən 60 baş bir, 80 baş bir olmaqla xırda buynuzlu, Tovuz rayonunda 2 baş iribuynuzlu heyvanları gizli oğurlayaraq Feyruz İbrahimova satıblar. Həmçinin qrupun üzvü Rəşad Vəliyev Tovuz rayonunda bir mənzildən qızıl zinət əşyalarını gizli talayıb oğurlayıblar”.
İribuynuzlu heyvanlar tapılaraq sahibinə qaytarılıb. Saxlanılan şəxslər əməllərini səmimi etiraf ediblər. Onlar bir neçə ildir bu minvalla xeyli sayda mal-qara oğurladıqlarını deyir: “Roman, mən və Oleq Bakı şəhərində razılaşdıq. Təklif etdim ki, Şəmkirdə belə bir yer var, əvvəl orada işləmişəm. Bakı şəhərində bıçaq götürüb Şəmkirə gəldik. Oleq maskanı başına keçirtdi. Mən keçdim qabağa gözətçi çıxanda Oleqlə mən kişini tutduq”.
“Rəşad daha sonra tanışı Feyruza zəng vurdu. O da gəldi malları yüklədi. Daha doğrusu onlar yüklədilər. Mən kişinin yanında dayanmışdım. Pul aldıq onlar getdilər, biz də getdik”.
“Rəşad dedi ki, heyvan oğurlayıb verəcəyəm, satarsan. Günorta zəng vurmuşdu. Bi rdə gecə zəng vurdu ki mən fermadayam. Getdim fermadan heyvanı götürdük. 8 baş heyvanı 3 min manata razılaşıb pul verdim”.
Araşdırmalar Roman Moskalyovun Bakı şəhərinin müxtəlif rayonlarında avtomobillərdən də oğurluq etdiyi üzə çıxarıb:
“Nərimanov, Nəsimi, Binəqədi - yəni müxtəlif rayonlarda oğurluq edirdim. Alətlə maşının şüşəsini sındırırdım. Çantanı götürürdüm. Əlimə nə keçirdi – qızıl, pul, nə olurdu oğurlayırdım”.
Bütün faktlarla bağlı araşdırma aparılır.