Şəmkirdə SPA mərkəzinə gedən müştərilər həbs edildi – İŞÇİLƏR CƏRİMƏLƏNDİ
Şəmkirdə karantin rejimini pozan SPA mərkəzi aşkarlanıb.
DİN mətbuat xidmətinin Gəncə regional qrupundan APA TV-yə verilən məlumata görə, rayon Polis Şöbəsinə “ABİ” otel kompleksinə daxil olan, “Məşədibad hamamı” adlı SPA mərkəzinin sanitar-karantin qaydalarına zidd olaraq, gizli şəkildə fəaliyyət göstərməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları dərhal adıçəkilən ünvana gələrək obyekt işçiləri və müştərilərdən ibarət 23 şəxsi Polis Şöbəsinə gətiriliblər. Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub.
Onlardan 18 nəfər barəsində protokol tərtib edilərək 200 manat miqdarında cərimə ediliblər. SPA Mərkəzində masaj xidmətləri göstərən Vüsalə Balabeyova, Türkay Cəlilova və 3 nəfər müştəri - Nağı Həsənov, Cavid Hüseynov, Samir Məmmədov barəsində isə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə SPA mərkəzinin işçiləri 200 manat cərimə edilib, müştərilər isə 8 sutka müddətinə inzibati qaydada həbs ediliblər.