Sentyabrın 15-də təhsil müəssisələrində tədris bərpa edilir

“Azərbaycanda tədris ili sentyabrın 15-də başlayır”.

 

APA TV-nin məlumatına görə, bunu bu gün COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev deyib.

 

Nazirin sözlərinə görə, təhsil ekspertləri ilə müzakirələr aparılıb, digər ölkələrin təcrübələri öyrənilib. Hazırda dünyada 134 ölkədə təhsillə bağlı qərarlar verilib. 63 ölkədə məktəblər açılıb, 55 ölkədə məktəblərin açılması tarixi elan edilib, 39 ölkədə hələ qərar yoxdur: “Təhsil müəssisələrinin açılması nəqliyyatda, iş yerlərində, ailələrində virusun yayılmasına təsir edən amil kimi nəzərə almalıyıq. Amma biz onu da nəzərə almalıyıq ki, təhsil xalqın gələcəyidir və nə olursa olsun, davam etdirilməlidir. Ən səmərəli olan təkliflər əsas götürülməlidir. Ümumi məntiq ondan ibarətdir ki, təhsil müəssisələrinin fəaliyyəti bərpa edilməlidir. Differensial yanaşma əsas götürülməlidir. Yerli şəraitə və situasiyaya uyğun qərarlar verilməlidir”.

 

Nazir vurğulayıb ki, təhsil alan və təhsil verənlərin yaş xüsusiyyətləri tədrisin təşkilində nəzərə alınmalıdır: “Təklif odur ki, uşaq bağçalarının fəaliyyəti sentyabrın 15-dən başlayaraq bərpa edilsin. İlk növbədə o yerlərdə ki, virusun yayılma səviyyəsi azdır, orda uşaq bağçaları fəaliyyətə başlasın. Oktyabra qədər pisləşmə müşahidə edilsə, uşaq bağçalarının mərhələli açılmasını təklif edirik”.

 

Bu il 120 min uşağın məktəbəqədər qruplarda təhsil alacağını deyən nazir oktyabrın 1-dən həftədə 2 dəfə olmaqla, məktəbəqədər qruplarda tədrisin başlanmasının planlaşdırıldığını qeyd edib.

 

Həmçinin Emin Əmrullayev sentyabrın 15-dən həftədə 2-3 dəfə olmaqla, ibtidai siniflərdə tədrisin başlanmasının təklif olunduğunu qeyd edib.

 

Onun sözlərinə görə, I sinif şagirdlərinin həftədə 3, digər siniflər şagirdlərinin isə aktiv xəstələrin sayı çox olarsa, 2 dəfə gəlməsi təklif edilib. Təklif qəbul olunsa, ibtidai siniflərdə təhsil ala 650 min uşaq dərsə gedəcək. Bu qrupun 257 min nəfəri Bakı, Sumqayıt və Abşeron ərazisinə düşür.

 

Nazir vurğulayıb ki, orta məktəblərin 10 və 11-ci sinif şagirdlərinin məktəblərə  15 oktyabr tarixindən qayıtmasını planlaşdırırıq. Sentyabrın 15-dən isə qeyd olunan siniflər üçün tədris onlayn olacaq.

 

Təhsil nazirinin sözlərinə görə, ümumtəhsil müəssisələrində 120 min müəllim və texniki işçi ilə bağlı vəziyyəti də nəzərə alınmalıdır. Bundan başqa, məktəblərdə şagirdlərin gündəlik hərarətlərinin yoxlanması istiqamətində də iş aparılacaq. Virusun yayılmasının qarşısını almaq üçün vaxtında xəstəliyin aşkarlaması, aşkarlanmış halların təcrid edilməsi, təcrid olunmuş və təmasda olmuş insanların siyahısının müəyyən edilməsi vacibdir.

 

Emin Əmrullayev bildirib ki, hansısa uşağın, valideynin qızdırması varsa, həmin uşağın məktəbə gəlməməsinin tərəfdarıyıq. Bununla bağlı xüsusi qaydalar da hazırlanır.

 

Bundan əlavə, Emin Əmrullayev diqqətə çatdırıb ki, sentyabrın 15-dən orta məktəblərin 5-9-cu siniflərində dərslər onlayn qaydada başlayacaq. 1 oktyabr tarixindən isə həmin sinif şagirdlərinin məktəbə əyani şəkildə gəlməsi planlaşdırılır. Epidemioloji vəziyyət imkan verərsə, 1 milyon 300 min şagird uyğunlaşdırılmış qaydada tədrisə cəlb ediləcək.

 

Mart ayına qədər teledərslərin də davam etdirilməsinin nəzərdə tutulduğunu söyləyən nazir qeyd edib ki, valideynlərin uşaqları məktəbə göndərib-göndərməmək hüququnu da tanıyırıq.

 

O, vurğulayıb ki, valideynlər məktəbləri məlumatlandırmaqla övladlarının onlayn, yaxud qarışıq üsulla - həftədə məktəbə 2-3 dəfə gəlməklə, digər dərsləri virtual qaydada keçməsini təmin edə bilər. Valideynlərin bu seçimini asanlaşdırmaq üçün xüsusən Bakı, Sumqayıt, Abşeron və Gəncədə mütəmadi məlumatlandırma təşkil edilə bilər.

 

E. Əmrullayev deyib ki, hazırda 338 sinfimizdə şagird sayı 40-dan artıqdır. Siniflərin 95 faizində şagird sıxlığı 40 nəfərdən azdır. Siniflərin 93,3 faizində şagird sıxlığı 30-dan aşağıdır.

 

Məktəblərdə bufetlər, istər ayrı-ayrı kütləvi tədbirlərin keçirilməsi ilə bağlı da müvafiq qaydalar hazırlanacaq. Soyunub-geyinmə otaqları imkan vermirsə, bədən tərbiyəsi dərsləri təxirə salına bilər. Bununla bağlı Operativ Qərargahla birgə işlənilir, ictimaiyyətə məlumat veriləcək.

 

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün nəzərdə tutulan məktəblərin də sentyabrın 15-dən oktyabrın 1-ə qədər müvafiq plan əsasında mərhələli şəkildə açılması planlaşdırılır.  

 

Nazir qeyd edib ki, özəl məktəblərdə işləyən əcnəbi müəllimlərin ölkəyə gəlməsi üçün Operativ Qərargaha və Təhsil Nazirliyinə müraciət olarsa, biz operativ formada bu müraciətlərə baxa bilərik.

 

Şagirdlərin yerdəyişməsi isə adi qaydada davam edəcək. Rayon qeydiyyatında olan və rayona gedən valideynlər Bakıya qayıtmaq istəyirsə və qayıda bilirsə, övladının paytaxtda təhsilinin davam etdirməsi ilə bağlı bir problem yoxdur. Azərbaycanın istənilən kənd və qəsəbəsində məktəb olduğunu deyən nazir şagirdlərin yerdəyişmə ilə o məktəblərdə də tədrisi davam etdirə biləcəyini vurğulayıb.

 

Bundan əlavə, Təhsil naziri qeyd edib ki, müəllimlərin əməkhaqqının ənənəvi hesablanması qaydası isə tədrisin təşkili formasından asılı olaraq dəyişmir.

 

Nazir ödənişli oxuyan tələbələrə ediləcək güzəştlərdən danışıb. Bildirib ki, birinci kurs tələbələri ali məktəblərlə tanış olacaq, ondan sonra onlayn təhsilə davam edəcək.

 

Emin Əmrullayevin sözlərinə görə, 176 min tələbədən 113 minə yaxın ödənişli təhsil alır. Birinci mərhələdə 15 min 209 tələbənin təhsil haqqı dövlət tərəfindən ödənilir. 15 min 209 tələbə ilə bağlı birinci mərhələdə qərar verilərkən ehtiyac meyarı əsas götürülüb. 32 minə qədər məcburi köçkün və digər qrup tələbənin təhsil haqqını da dövlət ödəyir.

 

Müəllif | Apa.Tv
Apa.tv