SEPAH-ın etirazçıları güllələməsi BMT-ni hərəkətə keçirdi - APA TV
Avropa İttifaqı İran İnqilab Keşikçilərini, yəni SEPAH-ı terror təşkilatı kimi tanımağa hazırlaşır.
Bu barədə Almaniyanın xarici işlər naziri Analena Berbok yerli ARD telekanalına müsahibəsində deyib: "Mən keçən həftə açıqladım ki, biz daha bir sanksiya paketini işə salacağıq. İnqilab Keşikçilərini necə terror təşkilatları siyahısına sala biləcəyimizi araşdıracağıq".
Alman nazir bu addımın atılmasına səbəb kimi İranda 50 günə yaxındır davam edən aksiyalarda SEPAH-ın vətəndaşlara qarşı etdiyi vəhşilikləri göstərib. Analena Berbok onu da əlavə edib ki, İrana qarşı sanksiyalar həm sərtləşdiriləcək, həm də artacaq. O qeyd edib ki, hazırda İran və Qərb arasında nüvə sazişi ilə bağlı heç bir danışıqlar aparılmır.
Bu arada, İrandan baş verənlərlə bağlı BMT Təhlükəsizlik Şurası ABŞ və Albaniyanın təşəbbüsü ilə İranda insan haqlarının pozulması ilə bağlı qeyri-rəsmi iclas keçirəcək. ABŞ mediasının xəbərinə görə, toplantı noyabrın 2-də baş tuta bilər və iclasın keçirilmə səbəbi İranda insan haqlarının pozulması ilə bağlı etibarlı, müstəqil araşdırmaların aparılmasının yollarını axtarmaqdır.
Xatırladaq ki, sentyabrın 13-dən başlayan aksiyalarda 500-ə yaxın etirazçı öldürülüb, ictimai-siyasi xadimlər, tələbələr, müəllimlər olmaqla on mindən çox etirazçı isə həbs olunub.