SEPAH-ın təxribatçı videosu: Azərbaycan ballistik raketlə vurulur...
2021-ci ilin oktyabr ayında baş vermiş sərhədyanı təlim gərginliyindən sonra ilk dəfə olaraq, İranın “İnqilab Keşikçiləri Korpusu" – SEPAH-a yaxın media qurumları yenidən Azərbaycan mövzusunu ortaya atıblar.
Həmin qurumların sosial şəbəkələrdəki hesablarında paylaşılan videoda İranın sahib olduğu ballistik raketlərin zərbə radiusu göstərilir. Potensial hədəflər sırasında isə Azərbaycan ərazisi də qeyd edilir. Səbəb kimi isə Azərbaycanın İsraillə geniş əlaqələri və əməkdaşlığı vurğulanır. Videoda Naxçıvan ərazisi "hədəfi" kimi qeyd olunmur.
Siyasi şərhçi Əziz Əlibəylinin fikrincə, Azərbaycan-İran "Zəngəzur tranzit dəhlizi" və başqa layihələr fonunda SEPAH-ın bu mediatəxribatını ilk növbədə ölkənin siyasi rəhbərliyinin qərarlarına ziyan vuran hərəkət hesab etmək olar: “İran hakimiyyətinin hərbi qanadı, dövlətin rəsmi və dini qanadı ilə üst-üstə düşməyən bəyanatlar da verə bilir. Bu bəyanatların qeyri-ciddi olmasının şahidi olmuşuq. Hazırda İranla inkişaf edən əlaqələr fonunda belə bəyanatlar İranın daxili aldutoriyası və hakimiyyət daxili çatışmanın tərkib hissəsi kimi hesab edilə bilər. Lakin heç bir halda Azərbaycana təhdid yarada bilməz”
Qeyd edək ki, martın 13-də SEPAH İraqın Ərbil şəhərində yerləşən hərbi bazaya 12 ballistik raket atmış, səbəb kimi bazanın "İsrail qüvvələrinə xidmət etməsini" göstərmişdi. Gecə saatlarında İran ərazisindən reallaşdırılan zərbə insan tələfatına səbəb olmasa da, ciddi infrastruktur dağıntıları törətmişdi. SEPAH-ı terrorçu təşkilatlar siyahısından çıxarmaq niyyətində olan ABŞ Ərbilə hücumdan dərhal sonra fikrindən daşınmışdı.
Semral Cavad
APA TV