Serbiyanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırıldı

 

Serbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Danitsa Veinoviç Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və Xarici İşlər nazirinin müavini Xələf Xələfovla görüş keçirilib.

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən APA TV-yə verilən məlumata görə, görüşdə X.Xələfov əldə edilmiş etibarlı və təsdiqlənmiş məlumata əsasən Serbiyadan Ermənistana minomyotlar və müxtəlif kalibrli hərbi sursat da daxil olmaqla böyük həcimdə silah sursatın göndərildiyini qarşı tərəfə bildirib.

 

X.Xələfov Ermənistana silah göndərilməsi məsələsinin hər zaman, o cümlədən də ikitərəfli əlaqələrimizin gündəliyində duran həssas bir mövzu olduğunu vurğulayıb. Bu xüsusda Serbiya tərəfinin Ermənistanın işğalçı siyasətinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf və acı məyusluq doğurduğunu bildirilib. Bu cür qeyri-dost fəaliyyətlərin Azərbaycanla Serbiya arasında dostluq münasibətlərini və strateji tərəfdaşlığa xələl gətirdiyi, yüksək səviyyədə mövcud qarşılıqlı etimada kölgə saldığı vurğulanıb.

 

Nazir müavini Serbiya Respublikasından izahat və bu cür hərəkətlərə gətirib çıxaran səbəblərin aradan qaldırılmasını gözlədiyini bildirib.

 

Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili xanım Danitsa Veinoviç qeyd olunan məsələlərlə bağlı məlumatının olmadığını söyləyib, məlumatları Serbiya tərəfinə çatdıracağını vəd edib, baş vermiş bu hadisələrdən təəssüf hissi keçirdiyini və bu hadisələrin Serbiya-Azərbaycan strateji tərəfdaşlıq və dostluq münasibətlərinə xələl gətirməyəcəyinə ümidvar olduğunu qeyd edib.

Müəllif | Apa.Tv
Apa.tv