Şərik biletlə 200 min uddular, dava düşdü, işə polis qarışdı

Ağcabədi rayonunda qohumlar "poz qazan" loteriyasında küllü miqdarda mükafat qazanıb.  

 

Rayonun Salmanbəyli kənd rəsmilərinin APA tv-yə verdiyi məlumata görə, "poz qazan" lotereyasında küllü miqdarda mükafat qazanan sakinlər üç nəfər olub. Onlar, 20 yaşlı, Süleymanov Elçin İldırım oğlu, 19 yaşlı Əhmədli Zidan Vəliağa oğlu və 22 yaşlı Süleymanov Cahandar Etibar oğludur.

 

Kəndin icra nümayəndəsi,  Sabir Sultanov bildirir ki, gənclər əvvəllər də şərikli lotereyalar alıblar. Bu dəfə aldıqları loteriya 200.000 manat pul mükafatı qazanıb. Lakin həmin məbləğin tərəflər arasında bölünməsi zamanı mübahisə yaranıb. Bəxt üzlərinə gülən qohumlar pul bölmək üstündə əlbəyaxa dava edib. Yaranan mübahisəyə görə işə polisi qarışmalı olub. Belə ki, gənclərdən birinin atası DİN-nın 102 qaynar xətt xidmətinə məlumat verib.

 

DİN mətbuat xidmətinin APA-ya verdiyi məlumata görə isə gənclər Ağcabədi rayon polis şöbəsinə dəvət edilərək, onlarla profilaktik söhbətlər aparılıb. Bundan sonra isə aidiyyəti üzrə yönləndirilib.

 

Elgün Gəncimsoy, APA tv, Ağcabədi

 

Müəllif | Apa.Tv
Apa.tv