Şərq bazarı sökülür? – İCRA HAKİMİYYƏTİ MƏSƏLƏYƏ AYDINLIQ GƏTİRDİ

Gördüyünüz bu ərazi Bakının ən məşhur bazarlarından olan “Şərq Bazarı”nın yeni görüntüsüdür. “Şərq bazarı” Ticarət Mərkəzi 1982-ci ildə memarlar - U.V.Revazov və P.İ.Yarinovsk layihəsi əsasında tikilib. Bina iki mərhələdə tikilib, hər şey Şərq üslubunda quraşdırılıb.

 

Son illər Bakıda aparılan tikinti-quruculuq işləri zamanı irili-xırdalı bir çox obyektlərin plana düşərək sökülməsi az qala adi hala çevrilib. Düzdür, yeni inşa edilən obyektlər hər baxımdan yaxşıdır, şəhərimizi gözəlləşdirir, müasir tələblərə cavab verir. Çoxdan plana düşən “Şərq bazarı”nda da hazırda yenidənqurma işləri aparılır.

 

Şəhərin mərkəzi hissəsinə yaxın olan ticarət mərkəzinin ətrafında köhnə məhəllələr də var.

 

Bazarın sökülməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirən Nərimanov Rayon İcra Hakimiyyətinin şöbə müdiri Hüseyn Cəfərov bildirdi ki, “Şərq Bazarı”nın söküntüsündən söhbət gedə bilməz. Onun sözlərinə görə, hazırda rekonstruksiya işlərinin layihələndirilməsi aparılır.

 

Hüseyn Cəfərov həmçinin qeyd etdi ki, bazarın yerləşdiyi tikili tarixi əhəmiyyətə malikdir.

 

Şöbə müdiri deyir ki, sadəcə olaraq bazarın içərisində obyekt sahiblərinin düzəltdiyi arakəsmələr var idi ki, onlar sökülür.

 

Abidənin milli memarlıq üslubunun qorunması şərti ilə rekonstruksiya ediləcəyini deyən Hüseyn Cəfərov buranın tarixi memarlıq əsəri kimi başqa təyinatla istifadə olunacağını bildirib.

 

Hüseyn Cəfərov deyir ki, pandemiya dövründə rayon ərazisində icazəsinə qadağa qoyulmayan heç bir tikinti-rekonstruksiya işləri dayandırılmayıb: “Xüsusi operativ qərargah tərəfindən icazə verilmiş tikinti işləri dayandırılmayıb. Pilot layihələr də daxil olmaqla rayon ərazisində inşaat işləri davam etdirilir. 36 ərazidə pilot layihələr hazırda davam etdirilir. Karantin şərtlərinə əməl etmək şərti ilə proses gedir. Bununla yanaşı, abadlıq işləri də ləngidilməyib. İməciliklər mütəmadi olaraq icra olunur. Son iki ay ərzində Çaykovski 2/4 ünvanında bərbad vəziyyətdə olan məhəllələr abadlaşdırılır. Hazırda Heydər Əliyev Fondunun təşəbbüsü, SOCAR-ın maliyyə vəsaiti ilə Xoyski prospektində üç böyük məhəllədə abadlıq işləri davam etdirilir. Həyətlərdən biri də yekunlaşmaq üzrədir, digər ikisində isə yaxın zamanlarda abadlıq işləri başa çatacaq”

 

Hüseyn Cəfərov bildirib ki, bundan əlavə məhəllələrdə fasiləli olaraq dezinfeksiya işləri də aparılır.

 

Sevinc

Üzeyir

Müəllif | Apa.Tv
Apa.tv