“Sərt karantin qaydalarına əməl edək” – DEPUTATLAR VƏTƏNDAŞLARA ÇAĞIRIŞ ETDİ
Son günlərdə karantin rejimində tətbiq olunan bir sıra qaydaların yumşaldılması xüsusilə iri şəhər və rayonlarda yoluxma sayının artması ilə nəticələndi. Əslində karantin rejiminin yumşaldılması koronavirusun yox olması demək deyildi və mövcud qaydalara əhalinin yüksək məsuliyyətlə yanaşması tələb olunurdu. Lakin gözlənilənlərin tam əksinə olaraq verilən sərbəstlikdən istifadə edənlər sosial məsafə gözləmədən, tibbi maskadan istifadə etmədən sərbəst şəkildə hərəkət etməyə başladılar. Belə olduğu halda iki həftəlik daha sərt karantin qaydasının tətbiqi qərara alındı.
Deputat Rəşad Mahmudov indiki halda sərt karantin rejiminin tətbiq olunmasının tərəfdarıdır: “Bilirəm ki, xüsusi karantin rejimində yaşamaq bir qədər çətindir. Amma pandemiyanın yayıldığını qəbul etmək məcburiyyətindədir hər kəs. İsti havalarda bu virusun ölmədən geniş yayılması, daha çox insanların artıq xəstəxanalara müraciət etməsi, olduqca ciddi hadisədir. Mən bir ekspert olaraq o xəstəxanalarda gördüklərimi istəməzdim ki, adi, sadə xalq görsün. Bu yolda hər kəsə dözüm və səbir arzulayırıq. Ümid edək ki, təkcə bizim ölkədən deyil, eləcədə dünyadan qısa zamanda bu xəstəlik yox olub getsin”.
Bəhruz Məhərrəmovun sözlərinə görə, üç aydır ki, davam edən bu məsələ insanların səbrini tükətsə də insan həyatından vacib heç nə yoxdur: “Hər bir vətəndaşımız bir mənalı olaraq karantin rejiminə əməl etməlidir. İkincisi, ən vacib məqam isə vətəndaş istəsə də, istəməsə də bu xəstəliyə tutulursa o zaman digərlərinin həyatını riskə atmaqla bir növ qatilə çevrilir. Heç bir insan istəməz ki, əli qana batsın, digərlərinin ölümünə səbəb olsun. Bütün bunları istəməyən hər bir kəs qoyulan qaydalara əməl etsin”.
Milli Məclisin deputatı Tahir Mirkişili isə hesab edir ki, hər bir şəxs sosial məsuliyyətdən irəli gələn vəzifəsini dərk edərək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməklə, başqalarını da bu cür davranmağa dəvət etməlidir: “Vaksin çıxana kimi və ya peyvənd tətbiq olunana kimi bizim maksimum edə biləcəyimiz virusun qarşısını almaqdır. Hər birimiz məcbur özümüzü qorumalıyıq. Sərt karantin rejiminin tətbiqi istənilən halda qoyulan qaydalara əməl etmək anlamına gəlir. Dövlətin bu tədbirləri vətəndaşın sağlamlığı üçündür. Məhz dövlətin atdığı bütün addımlar, sərtləşmələr, son nəticədə vətəndaşın daha çox sağ qalmasına imkan yaradacaq. Vətəndaşlarımızdan da bir daha xahiş edirik ki, dövlətin atdığı bu addımları dəstəkləməklə yanaşı, özləri də öz həyatlarını, davranışlarını dəyişməklə virusun qarşısını alsınlar”.
Deputat Fikrət Feyziyev isə bildirir ki, mövcud qərar yoluxmanın qarşısını almağa müsbət təsir edəcək. Çünki insanların daha çox toplaşdığı məkanların müvəqqəti bağlanması, küçəyə SMS vasitəsilə çıxılması, əhalinin evdə qalıb qaydalara əməl etməsi ilə nəticələnəcək: “İki həftə ərzində məhdud şəraitdə yaşayıb yüzlərlə, minlərlə insanın həyatını xilas etmək daha faydalıdır, nəyinki, sərt tədbirlərdən qaçmaq və nəticədə yüzlərlə insanın həyatını təhlükəyə atmaq və ya minlərlə insanın həyatını itirməsinə səbəb olmaq. Qaydalara əməl etmək ilk növbədə həmin insanın özünün, yaxınlarının həyatı üçün önəmlidir. Hesab edirəm ki, karantin tədbirlərinin daha da sərtləşdirilməsi vacib məsələdir”.
Qeyd edək ki, ölkəmizdə sutka ərzində koronavirusa yoluxanların sayı 400 nəfəri keçib.
İlahə Vəliyeva,
Musa Qulammirzəyev
APA TV