Sərt karantin rejimini pozan sürücü həbs edildi - AVTOMOBİLİN YÜK YERİNDƏ SƏRNİŞİN APARIRMIŞ

Koronavirus pandemiyası ilə mübarizədə tətbiq edilən sərt karantin qaydalarına zidd olaraq Bakı şəhərinə avtomobilin yük yerində gəlmək istəyən şəxs və nəqliyyat vasitəsinin sürücüsü polis əməkdaşları tərəfindən müəyyən olunublar.

DİN Mətbuat Xidmətindən APA TV-yə verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qaydalara əməl etməyən paytaxt sakini Anar Xəlilov bu gün Masazır qəsəbəsində yerləşən polis postunda saxlanılıb.

Sürücü yoxlanılan zaman onun sərt karantin dövründə hərəkət icazəsinin olduğu müəyyən edilib. Amma sürücünün nəqliyyat vasitəsi yoxlanılarkən avtomobilin yük yerində bir nəfərin gizləndiyi məlum olub. Araşdırma zamanı həmin şəxsin Füzuli rayon sakini Tofiq Səfərov olduğu və onun sərt karantin rejimində hərəkət icazəsinin olmadığı müəyyən edilib. Sürücü və sərnişin saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətiriliblər.

Müəllif | Apa.Tv
Apa.tv